Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla sıx əməkdaşlıq edirik - Uraloğlu

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla sıx əməkdaşlıq edirik - Uraloğlu

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla sıx əməkdaşlıq edirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"İnkişaf Yolu Layihəsində sınaq daşımaları 2024-cü ildə başlayacaq. Ovaköy Layihəsi olaraq da bilinən trilyon dollarlıq marşrut Qərblə Körfəz ticarətini bir araya gətirəcək, vaxt və xərc baxımından üstünlüklər təmin edəcək. Orta Dəhlizinin Qazaxıstan-Xəzər keçidləri, Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu, Şimal Dəhlizi adlanan Çin-Rusiya-Avropa nəqliyyat xəttində daşınan yüklərin, Ukrayna-Rusiya müharibəsindən sonra Orta Dəhlizə tərəf yerdəyişməsi nəticəsində yaranan həcmi qarşılamaq üçün kifayət deyil. Bu kontekstdə biz yaxşı alternativ ola biləcək marşrutlardan biri ilə bağlı dörd ölkə olaraq mühüm əməkdaşlığa imza atmışıq. Bu əməkdaşlığa xəttin rəqəmsallaşdırılması, ümumi daşıma tariflərinin yaradılması, inzibati və bürokratik problemlərin həlli üçün texniki qrupların yaradılması, 2024-cü ildə birgə pilot daşıma kimi məsələlər daxildir. İnanırıq ki, bu marşrut keçdiyi ölkələrin həm infrastrukturuna, həm də iqtisadiyyatına mühüm töhfə verəcək. Ümid edirəm ki, konkret addımlarla biz bu xətti həm xərc, həm də vaxt baxımından səmərəli edəcəyik",- deyə nazir bildirib.

Uraloğlu qeyd edib ki, “İnkişaf Yolu” ilk elan edildiyi gündən həm region ölkələrinin, həm də Avropanın diqqətini cəlb etməyi bacarıb. Həmin gündən biz region ölkələrinin daşınması və investisiyalarına cavabdeh olan səlahiyyətli qurumlarla görüşlər keçirmişik. Diplomatik yazışmalarımız davam edir. Hazırda əməkdaşlıq çərçivəsini tamamlamaq üzrəyik. İşimiz İraq tərəfi ilə koordinasiyalı şəkildə davam edir.

"Sahə səfərləri etdik və ön çalışmalarla bağlı texniki araşdırmalar apardıq. Ötən müddətdə nazirliyimizlə həm İraq, həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşlər keçirilib. Ümid edirəm ki, qısa müddətdə konkret addımlar atılacaq. Biz bu məsələdə İraqla əməkdaşlıq memorandumu imzalamaq istəyirik. Zəngəzur dəhlizi ilə bağlı həm beynəlxalq maliyyəçilərlə, həm də daxili texniki araşdırmalar həyata keçiririk. Bu kontekstdə möhtərəm Prezidentimizin 25 sentyabr 2023-cü ildə imzaladığı Qars-Naxçıvan Dəmir Yolu Protokolu ilə işimizi sürətləndirərək Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edirik",- deyə Türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, 25 Sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.

Aytac Süleymanova