Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb (ÖZƏL)

Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin noyabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 32 faiz artaraq, 9 milyon 185 min 938 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 6 faiz artaraq 5 milyon 589 min 832 nəfər, beynəlxalq reyslər üzrə isə 1,16 dəfə artaraq 3 milyon 596 min 106 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 131 min 406 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 68 min 934 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 78 faiz artaraq, 62 min 472 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 64 min 716 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz azalaraq 39 min 81, beynəlxalq reyslər üzrə isə 82 faiz artaraq 25 min 635 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.