Son dəqiqə

Uşaqlar

Azərbaycan Ombudsmanı “Uşaq Hüquqları Aylığı” elan edib

BAKI,TurkicWorld

Uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafına əlverişli şəraitin yaradılması, onların təhlükəsizliyinin, rifahının və cəmiyyət həyatında fəal iştirakının təmin olunması, bütün uşaqlar üçün bərabər imkanların formalaşdırılması hər bir dövlətin, cəmiyyətin əsas vəzifələrindəndir.

1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların müstəqil hüquq subyekti kimi tanınmasına əsaslanan beynəlxalq hüquqi çərçivəni müəyyən etmişdir. Azərbaycan Respublikasının da iştirakçısı olduğu bu sənəd uşaqların hüquqlarının təmini ilə bağlı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur.

Uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Ölkəmizdə daima bu istiqamətdə kompleks islahatlar həyata keçirilir, qanunvericiliyin və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, keyfiyyətli xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, ümumilikdə uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlər əldə edilir.

Cari ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər əlaqəli normativ hüquqi aktların qəbulu, eləcə də uşaqların sosial şəbəkə platformalarından istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi uşaq hüquqlarının qorunması sahəsində hüquqi tənzimləmənin müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uşaqların təhlükəsiz, sağlam, əlçatan və inklüziv mühitdə yaşamaq hüququnun təmin olunması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası baxımından xüsusi önəm daşıyır.

44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizdə də uşaqlar üçün zəruri infrastuktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.

Müasir dövrdə qloballaşma və rəqəmsal inkişaf yeni ictimai münasibətlərin yaranmasına səbəb olur və bu da öz növbəsində uşaq hüquqları sahəsində siyasətin, qanunvericiliyin təkmilləşdirilməsini və cəmiyyətdə hüquqi maarifləndirmənin təbliğinin yeni çağırışlara uyğun olaraq genişləndirilməsini zəruri edir.

Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində mühüm yer tutur. Bu sahədə müxtəlif istiqamətlərdə həyata keçirilən fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir.

Hər il olduğu kimi, cari ildə də Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıram.

Hesab edirəm ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacaqdır.

Mövzuya görə xəbərlər