BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin hücumları nəticəsində Livanda dağıdılan və zədələnən məktəblərin bərpa edilməməsi yeni tədris ilində on minlərlə uşağın məktəbə gedə bilməməsinə səbəb ola bilər. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun məlumatına görə, İsrailin Livana qarşı hərbi əməliyyatları zamanı zərər görmüş məktəblər vaxtında bərpa olunmasa, azı 100 min uşaq yeni dərs ilinin başlanğıcını qaçıra bilər.
Livanın Təhsil Nazirliyinin ölkə üzrə apardığı qiymətləndirməyə əsasən, müharibə zamanı 340 dövlət, özəl və peşə məktəbi zədələnib. Onlardan 17-si tamamilə dağılıb.
Ən çox zərər çəkən bölgələr arasında Nəbətiyyə, Livanın cənubu, Bəqaa vadisi, Bəlbək-Hirmil, Beyrut və Cəbəl-Livan göstərilir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Livandakı nümayəndəsi Markoluici Korsi bildirib ki, məktəblər yalnız təhsil müəssisəsi deyil, uşaqların özlərini təhlükəsiz hiss etdikləri və böhrandan sonra normal həyata qayıtmağa başladıqları məkanlardır. Onun sözlərinə görə, sentyabr ayında yeni tədris ili başlamazdan əvvəl məktəblərin təcili bərpasına ehtiyac var.
Təşkilat xəbərdarlıq edib ki, təhsildə yaranacaq növbəti uzun fasilə uşaqların təhsilinə, psixi sağlamlığına və gələcək imkanlarına uzunmüddətli mənfi təsir göstərə bilər.






