BAKI,TurkicWorld
Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.
Tədbirə Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıb.
Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.
İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.
Dəniz kənarında, yay ab-havasında keçirilən şənlikdə uşaqlar həm də hovuzda doyunca əyləniblər.
Əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda iştirak edən uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.
Ad günləri həmin tarixə təsadüf edənlər isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində həssas kateqoriyaya aid olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond mütəmadi olaraq valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladları üçün əyləncəli proqramılar təşkil edir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.





