Son dəqiqə

Hümmət Əliyev Quba 1 saylı Mediasiya Təşkilatı Hüquqlar Hüquq Bələdçisi rubrikası

Sertifikat mediator üçün nə deməkdir?

TurkicWorld-ün təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediatorların sertifikatlaşdırılması barədə mühüm məqamlara aydınlıq gətirib.

Mediatorların sertifikatlaşdırılması onların peşəkar hazırlığının təsdiqlənməsi, bilik və praktiki bacarıqlarının müəyyən standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, sertifikat mediatorun peşəkarlığını müəyyən edən yeganə göstərici hesab edilmir.

Sertifikat mediator üçün nə deməkdir?

Hümmət Əliyevin sözlərinə görə, sertifikat mediatorun mediasiya sahəsində müvafiq hazırlıq və qiymətləndirmədən keçdiyini təsdiqləyən mühüm sənəddir.

Azərbaycanda mediator olmaq istəyən şəxsin ilkin hazırlıq təlimindən, artıq fəaliyyət göstərən mediatorun isə ixtisasartırma təlimindən keçməsi nəzərdə tutulur.

İlkin hazırlıq üzrə təqdim edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Bununla yanaşı, mediator ən azı iki ildə bir dəfə ixtisasartırma kursunda iştirak etməli və müvafiq sertifikat almalıdır.

Sertifikatlaşdırma mediatora etimadı artırırmı?

Hüquqşünas bildirib ki, sertifikatlaşdırma mediatorun peşəkar hazırlığının müəyyən edilmiş meyarlar əsasında qiymətləndirildiyini göstərdiyindən ona etimadın formalaşmasına müsbət təsir edir.

Lakin sertifikatın olması təkbaşına yüksək keyfiyyətli mediasiya xidmətinə zəmanət vermir.

“Etimadın əsasını mediatorun peşəkarlığı, qərəzsizliyi, məxfiliyi qoruması, etik davranışı və praktiki təcrübəsi də təşkil edir. Qanun mediatorun mediasiya prinsiplərinə riayət etməsini və biliklərini mütəmadi olaraq yeniləməsini tələb edir”, – deyə Hümmət Əliyev bildirib.

Sertifikatlaşdırma necə həyata keçirilir?

Hüquqşünas-mediatorun sözlərinə görə, Azərbaycan qanunvericiliyində mediatorların ilkin hazırlığı və ixtisasartırılması müəyyən edilmiş tələblər əsasında həyata keçirilir.

Təlimləri uğurla başa vuran və tələb olunan nəticəni göstərən şəxslərə müvafiq sertifikat təqdim olunur.

Hümmət Əliyev vurğulayıb ki, bu məsələdə əsas meyar sertifikatın “dövlət” və ya “özəl” adlandırılması deyil, onun qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə uyğun şəkildə verilməsidir.

Beynəlxalq sertifikatlar mediatora nə qazandırır?

Beynəlxalq sertifikatlar mediatorun beynəlxalq standartlar və metodologiyalar üzrə əlavə hazırlıq keçdiyini göstərməklə onun peşəkar imkanlarını genişləndirə bilər.

Hümmət Əliyevin sözlərinə görə, bu cür hazırlıq xüsusilə beynəlxalq kommersiya mübahisələri, xarici elementli mübahisələr və sərhədlərarası mediasiya baxımından əhəmiyyətlidir.

Azərbaycan qanunvericiliyində də beynəlxalq mediasiya qurumlarının təşkil etdiyi mediator-təlimçilərin hazırlığına dair sertifikatların müəyyən hallarda təlimçi kimi fəaliyyət üçün nəzərə alınması mümkündür.

Sertifikatlaşdırma xidmətin keyfiyyətinə necə təsir edir?

Hüquqşünas qeyd edib ki, sertifikatlaşdırma mediatorların bilik və praktiki bacarıqlarının müəyyən standartlar əsasında formalaşdırılmasına və onların davamlı peşəkar inkişafına kömək edir.

Mediatorların hazırlanması zamanı nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərin, təlimlərin və səhnələşdirilmiş mediasiya proseslərinin keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə zamanı isə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar yoxlanılır.

Hümmət Əliyevin fikrincə, sertifikatlaşdırma düzgün təşkil edildikdə mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mediatorlara ictimai etimadın gücləndirilməsinə xidmət edir.

“Sertifikat mediatorun peşəkarlığının başlanğıc göstəricisidir, lakin həqiqi peşəkarlıq yalnız sənədlə deyil, bilik, təcrübə, etik davranış və tərəflərin etimadı ilə ölçülür”, – deyə Hümmət Əliyev vurğulayıb.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti, "İlqaroğlu" Business Center, II mərtəbə.

Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44

E/ünvan: [email protected]

Şabran ofisi:

Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)

Tel.mob: (+994) 77 588.77.44

Mövzuya görə xəbərlər