BAKI,TurkicWorld
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi İnvestisiya Ofisi arasında əməkdaşlıq imkanları müzakirə olunub.
TurkicWorld xəbər verir ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə iki qurumun nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib.
Müzakirələr zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında investisiya əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər iki qurum arasında əməkdaşlığın daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və gələcək birgə layihələrin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün nəticəsi olaraq AZPROMO və Abu-Dabi İnvestisiya Ofisi mümkün birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.





