Son dəqiqə

Azərbaycan Ukrayna Heydər Əliyev Beynəlxalq Hava Limanı Ukraynalı uşaqlar Qəbələ reabilitasiya

Azərbaycan ukraynalı uşaqlara dəstəyini davam etdirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarının övladlarından ibarət 30 nəfərlik ukraynalı uşaq qrupu sağlamlıq bərpası və reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.

TurkicWorld xəbər verir ki, uşaqları Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qarşılayıblar.

Məlumata görə, proqramda iştirak edən uşaqların hamısı Ukrayna xilasedicilərinin övladlarıdır. Onların valideynləri Rusiya ilə müharibə şəraitində axtarış-xilasetmə əməliyyatları aparır, yanğınların söndürülməsi, mülki şəxslərin təxliyəsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər.

Uşaqlar yaxın günlərdə Qəbələdə istirahət edəcək, burada sağlamlıqlarını bərpa etməklə yanaşı, Azərbaycanın təbiəti və qonaqpərvərliyi ilə yaxından tanış olacaqlar. Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan indiyədək 662 ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramından yararlanıb. Təkcə 2026-cı ilin əvvəlindən isə 190 uşaq bu proqram çərçivəsində Azərbaycanda müalicə və istirahət imkanı əldə edib.

Mövzuya görə xəbərlər