BAKI. TurkicWorld:
İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkəti və keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilir. Forum 8-9 may tarixində Sea Breeze Resort ərazisində keçiriləcək.
“Şəhərsalma ili”nin elan olunması urban inkişafın yeni mərhələyə keçidini ifadə edən mühüm addımdır. “Şəhərsalma ili” çərçivəsində həyata keçirilən layihələr dövlət və özəl sektor arasında əməkdaşlığın güclənməsinə, innovativ texnologiyaların tətbiqinə və beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsinə şərait yaradır. Bu səbəbdən forumun konsept mesajı “Həyat Keyfiyyəti” təyin olunub. “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır.
TurkicWorld xəbər verir ki,sahənin aparıcı mütəxəssislərini, dizaynerləri, memarları və bu istiqamətdə maraqlı olan hər kəsi bir platformada toplayacaq forum, interyer dünyasında ən son trendlərin, innovativ yanaşmaların və real təcrübələrin paylaşılacağı önəmli bir tədbir olacaq.
Tədbir çərçivəsində müxtəlif mövzuları əhatə edən panellər təşkil olunacaq. Panel müzakirələrində interyer dizaynın funksionallığı, estetik dəyəri, müasir yaşayış məkanlarının formalaşması, həmçinin mebel və material seçimində yeni yanaşmalar diqqət mərkəzində olacaq.
Forumun ilk gün proqramı çərçivəsində I Panel – ‘İnşaatda yeni baxışlar’, II Panel – ‘Dəyər qazanan əmlaklar’ və III Panel – ‘Açar təslim: mebel və interyer’ mövzularını əhatə edən panel müzakirələri keçiriləcək. Tədbir çərçivəsində sahənin aparıcı 16 spikeri iştirak edərək öz təcrübə və baxışlarını bölüşəcəklər.
Tədbirin ikinci günü 9 may tarixində isə iştirakçıları Mutfakçı ofisində 12:00-dan 17:00-a qədər davam edəcək bənzərsiz bir master-klass marafonu gözləyir. Burada xüsusi dəvət olunmuş ekspert spikerin təqdimatında, mebelin interyerdəki strateji rolu və inşaat prosesi ilə harmoniyası ən xırda detallarına qədər təhlil olunacaq.
Forum iştirakçıları sahənin peşəkarları ilə birbaşa ünsiyyət qurmaq, yeni əməkdaşlıqlar yaratmaq və ilhamverici ideyalar əldə etmək imkanı qazanacaqlar.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu 2026-nın rəsmi media tərəfdaşıdır.
Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına daxil ola bilərsiniz: www.imforumbaku.az






