Son dəqiqə

Azərbaycan Bakı Facemark

Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

BAKI,TurkicWorld

Azərbaycanın biznes ekosistemində ilin ən mühüm hadisələrindən biri olacaq “Biznes Liderləri Zirvəsi”nin spiker heyəti rəsmən açıqlanıb.

TurkicWorld xəbər verir ki, “Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 23 iyun tarixində Bakıda, “The Ritz-Carlton” otelində baş tutacaq möhtəşəm tədbir biznes dünyasının aparıcı simalarını, sahibkarları, top-menecerləri və müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirəcək.

“Qarada Qırmızı” konsept mesajı altında reallaşacaq zirvə, müasir qeyri-müəyyənliklər dövründə liderliyin, strateji çevikliyin və qlobal tendensiyalara sürətli adaptasiyanın yol xəritəsini cızacaq. 300-dən çox iştirakçının qatılacağı bu platforma həm yeni tərəfdaşlıqların qurulması, həm də idarəetmədə gələcəyin trendlərinin müzakirəsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Zirvənin akademik sponsorları Türkiyənin nüfuzlu təhsil ocaqlarından olan “Sabancı University” və “Sabancı University Executive Development Unit” (EDU), dəstəkçisi isə “Markup Agency”sidir. Bu beynəlxalq akademik tərəfdaşlıq tədbirə xüsusi elmi və praktiki çəki qazandıraraq, qlobal idarəetmə modellərinin yerli müstəvidə tətbiqinə yeni baxış bucağı gətirəcək. Tədbirin moderatorluq missiyasını isə panel müzakirələrində spikerlər və auditoriya arasında məhsuldar körpü rolunu oynayacaq “FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva yerinə yetirəcək.

Zirvənin spiker heyətində beynəlxalq miqyasda tanınmış ekspertlər və düşüncə liderləri yer alır. Qlobal Siyasət Forumunun Akademik Koordinatoru, Prof. Dr. Evren Balta “Yeni xəritələr, yeni qaydalar: Liderin geosiyasi kompası” mövzusunda çıxış edərək, makroiqtisadi və siyasi dəyişikliklərin biznes qərarlarına birbaşa təsirlərini analiz edəcək. “Harvard Business Review Türkiyə”nin Baş redaktoru Serdar Turan “Dəyişən dünyada strateji liderlik” çərçivəsində şirkətlərin böhran anlarında dayanıqlılıq strategiyalarını bölüşəcək. "Universum Türkiyə" Lideri Evrim Kuran “Yeni nəsil liderlik” mövzusunda gənc nəslin iş dünyasından gözləntilərini şərh edərkən, süni intellekt və marketinq transformasiyası üzrə ekspert Yüce Zerey “Süni intellektlə uyğunlaşmanın hansı mərhələsindəsiniz?” sualı ətrafında rəqəmsal keçidi qiymətləndirəcək. Bundan əlavə, “FutureBright”ın təsisçisi Akan Abdula süni intellektin innovasiya potensialından, Dr. Emre Erol isə qlobal transformasiyaların sosioloji və korporativ təsirlərindən bəhs edəcək. Tədbirdə iştirak etmək və yeni nəsil idarəetmə trendləri ilə tanış olmaq istəyənlər rəsmi blz.az platforması vasitəsilə biletləri əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Biznes Liderləri Zirvəsi-nin rəsmi media tərəfdaşıdır.

Mövzuya görə xəbərlər