BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyəni təmsil edən TÜMER nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformu çərçivəsində Azərbaycana səfər edib.
TurkicWorld xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azər Allahveranov TÜMER heyətini qəbul edib.
Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.
Çıxışı zamanı Azer Allahveranov vurğulayıb ki, müasir dövrdə Türk dövlətlərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığın dərinləşdirilməsi ümumi birlik və həmrəyliyə mühüm töhfə verir.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu TÜMER ilə gələcəkdə daha sıx əməkdaşlıq edəcəklərini, birgə layihələrin icrasını və Türk dünyasının ortaq dəyərlərinin təbliğini davam etdirəcəklərini bildirib.
TÜMER-in xarici əlaqələr üzrə koordinatoru Oktay Hacımusalı qurumun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan təşkilatları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
TÜMER-in rəhbəri Onur Beyhan isə Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək bildirib ki, keçirilən görüşlər gələcəkdə Türk dünyası ilə bağlı mühüm addımlar və birgə fəaliyyətlər üçün möhkəm zəmin yaradır. Onun sözlərinə görə, tərəflər bundan sonra da eyni iradə və qətiyyətlə əməkdaşlığı davam etdirəcək.
Görüş qarşılıqlı məlumat mübadiləsinin artırılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunması ilə başa çatıb. Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.







