Türk Dövlətləri Təşkilatı Türk dövlətləri TDT kosmik sənaye Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi kosmik agentliklər

Türk dövlətlərinin kosmik agentlikləri arasında “Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi” imzalanıb

BAKI,TurkicWorld

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentlikləri kosmik sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni mərhələyə keçiblər. Beynəlxalq Astronavtika Konqresi çərçivəsində üzv ölkələrin kosmik agentliklərinin rəhbərləri arasında “Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.

TurkicWorld xəbər verir ki, saziş Türk dövlətləri arasında kosmik sənaye sahəsində əməkdaşlığın daha sistemli və praktiki müstəviyə keçirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsi üçün vahid əməkdaşlıq çərçivəsinin yaradılmasını nəzərdə tutur.

Sənəd TDT ölkələrinin kosmik sahədə mövcud imkanlarının, texnoloji potensialının və təcrübəsinin bir araya gətirilməsi, ortaq layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi baxımından mühüm addım hesab olunur.

Əməkdaşlığın əsas praktiki istiqamətlərindən biri TDT ölkələrinin iştirakı ilə həyata keçirilməsi planlaşdırılan birgə “CubeSat” layihəsidir. Layihə tərəf ölkələrin texniki imkanlarının, mütəxəssis təcrübəsinin və mövcud resurslarının vahid kosmik layihə ətrafında birləşdirilməsini nəzərdə tutur.

İmzalanan saziş “CubeSat” və gələcəkdə həyata keçiriləcək digər təşəbbüslər üzrə tərəflərin məsuliyyətlərini müəyyənləşdirəcək. Eyni zamanda əməkdaşlığın texniki, maliyyə, hüquqi və əməliyyat məsələlərinin tənzimlənməsi üçün ümumi çərçivə formalaşdırılacaq.

Tərəflər əməkdaşlığın gələcəkdə daha geniş sahələri əhatə etməsini planlaşdırırlar. Bunların sırasında peyklərin hazırlanması, Yerin məsafədən müşahidəsi, kosmik elm, elmi-tədqiqat və inkişaf fəaliyyəti, insan kapitalının gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlər yer alır.

Saziş TDT çərçivəsində kosmik sənaye üzrə əməkdaşlığın ayrı-ayrı təşəbbüslərdən daha geniş və davamlı tərəfdaşlıq platformasına çevrilməsinə imkan yaratmağı hədəfləyir.

Bununla yanaşı, əməkdaşlığın üzv ölkələrin milli kosmik imkanlarının inkişafına, mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinə, eləcə də Türk dövlətlərini əhatə edən regional kosmik ekosistemin gücləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər