BAKI,TurkicWorld
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü təşkil olunub. Görüşdə türk dövlətlərinin investisiya təşviqi qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslər və regional investisiya imkanları müzakirə edilib.
TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən forum çərçivəsində baş tutan görüşdə investisiya mühitinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Sessiyada İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Türkiyənin Strategiya və korporativ planlaşdırma bölməsinin rəhbəri Samet Akyüz, İnvestisiya mühiti bölməsinin rəhbəri Hakan Araz, “Kazakh Invest” şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, Özbəkistan İnvestisiya Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Roksana Nesor və Qırğızıstan İnvestisiya Agentliyinin direktoru Ravşanbek Sabirov iştirak ediblər.
Görüş zamanı Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi çərçivəsində üzv ölkələrin investisiya təşviqi qurumları arasında institusional əməkdaşlığın genişləndirilməsi, məlumat və təcrübə mübadiləsinin artırılması, birgə investisiya təşəbbüslərinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.
İştirakçılar regional layihələrin təşviqi, potensial investorlarla iş mexanizmlərinin təkmilləşdirilməsi, biznes əlaqələrinin inkişaf etdirilməsi və türk dövlətləri arasında investisiya əməkdaşlığının gücləndirilməsi istiqamətlərini müzakirə ediblər.







