BAKI,TurkicWorld
Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq Konfrans keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT çərçivəsində mənəvi-mədəni inteqrasiyanın və dini sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikrinin bu istiqamətdə əsas prinsiplərdən biri olduğunu bildirib.
Ramin Məmmədov TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Şuşada keçirilmiş Birinci Görüşünü əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
Komitə sədri müasir dövrdə islamofobiya, dini radikalizm və yad ideoloji təsirlərə qarşı birgə mübarizənin, xüsusilə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Şuşada qəbul edilmiş Kommünike bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün yol xəritəsi rolunu oynayır.
Ramin Məmmədov dövlət-din münasibətləri sahəsində strateji vəzifələrin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanda ilahiyyat elminin akademik inkişafında və peşəkar mütəxəssislərin hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutunun rolunu vurğulayıb.
Çıxışında türk-islam sivilizasiyasının zəngin irsinə də toxunan Dövlət Komitəsinin sədri Seyid Yəhya Bakuvinin ümumtürk mənəvi irsində xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Bakuvinin irsinin qorunması və təbliği türk xalqlarının mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət edir.
Ramin Məmmədov Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Seyid Yəhya Bakuvi adına təqaüd”ün təsis edildiyini açıqlayıb. O, həmçinin gələn ildən Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Seyid Yəhya Bakuvinin irsinə həsr olunan beynəlxalq simpoziumun keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Komitə sədri TDT platformasında birgə fəaliyyətin genişləndirilməsinin və Seyid Yəhya Bakuvi kimi ümumtürk simvollarının irsinin qorunmasının ortaq tarixi məsuliyyət olduğunu vurğulayıb.







