BAKI,TurkicWorld
Bakı Fond Birjası “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” nda dəyişikliklər etdiyini rəsmi olaraq elan edir.
TurkicWorld BFB-yə istinadən xəbər verir ki, yenilənmiş qaydalar emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim edir.
Əsas dəyişikliklər aşağıdakıları əhatə edir:
Listinq seqmentinə alınma və listinqdə saxlanma tələblərinin təkmilləşdirilməsi – yenilənmiş tələblər kapital bazarının inkişafına, bazarın dərinliyinin artmasına, təkrar bazar likvidliyinin təmin olunmasına və yeni emitentlərin cəlb edilməsinə xidmət edir.
Yeni İnkişaf Bazar seqmentinin tətbiqi – real sektordan olan (qeyri-maliyyə) şirkətlərin sərbəst tədavül həcminə malik səhmlərini Birjada emissiya etməsinə və təkrar bazarda ticarətini həyata keçirməsinə imkan yaradılır.
Açıqlanma tələblərinin gücləndirilməsi – listinqdə olan şirkətlər üçün müntəzəm olaraq açıqlanmalı olan məlumatlar və hesabatlara dair tələblər strukturlaşdırılır.
Delistinq prosedurlarının tənzimlənməsi – investorların maraqlarının qorunması baxımından delistinq əsasları və prosedur tələbləri aydınlaşdırılır.
Yenilənmiş qaydalar 6 may 2026-cı ildən qüvvəyə minəcək. Sənədin tam mətni BFB-nin rəsmi saytının "Qaydalar" bölməsindən əldə edilə bilər.




