Bakı. TurkicWorld:
Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.
Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı arasında imzalanıb.
Memoranduma əsasən, "Turkic.World" media layihəsi “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.
Media platformanın fəaliyyəti haqqında məlumat verən Hafizoğlu bildirib ki, "Türk Dünyası" (Turkic.World) media platforması “GMD” ilə əməkdaşlığı yüksək qiymətləndirir və bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığa hazırdır.
O qeyd edib ki, media platforma eyni zamanda istedadlı gənclərin tanınmasında maraqlıdır.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı bildirib ki, gənclərin hal-hazırda media və mətbuat sahəsinə marağı çoxdur. Gənclər sosial mediada hər hansı bir məlumatın işıqlandırılması prosesindən məlumatsızdırlar. O, bu sahədə onların ətraflı məlumat əldə etməsini, “Turkic World” Media Platforması ilə birgə mətbuat, media və jurnalistika mövzusunda təlimlərin, vörkşopların keçirilməsinin faydalı olacağını düşünür. Həmçinin, birliyin tərəfdaşlığı ilə keçirilən “İntern Academy” layihəsi çərçivəsində də “Turkic World” Media Platforması ilə əməkdaşlıq oluna biləcəyini, jurnalistika sahəsinə maraqlı olan gənclərin yararlana biləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
Qeyd edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib.
2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.
Bütün bunlarla yanaşı, media platforma ölkədə keçirilən müxtəlif tədbirlərin də media partnyoru kimi çıxış edib. Belə ki, 11 dekabr tarixində Türk Dünyası media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçirilən Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib
Bununla yanaşı, "TurkicWorld" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə tərəfdaşlıq memorandumu imzalayıb.
2023-cü ilin iyul ayının 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (TurkicWorld) media platformasının mərkəzi ofisinin açılış mərasimi baş tutub.