Turkic.World Media Platforması “Türkdilli ölkələrin xəbərlərini yayımlayan ilin ən uğurlu media layihəsi” nominasiyası üzrə təltif edilib

Turkic.World Media Platforması “Türkdilli ölkələrin xəbərlərini yayımlayan ilin ən uğurlu media layihəsi” nominasiyası üzrə təltif edilib

Bakı. TurkicWorld:

Bakı Şəbəkəsi (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyi Turkic.World (Türk Dünyası) Media Platformasını “Türkdilli ölkələrin xəbərlərini yayımlayan ilin ən uğurlu media layihəsi” nominasiyası üzrə təltif edib.

TurkicWorld xəbər verir ki, Bakı Şəbəkəsi (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Türk Dünyası Medai Platforması Türkdilli ölkələrin haqq səsinin dünyaya doğru düzgün çatdırılmasında, Türd Dünyası həqiqətlərinin təbliğində çox böyük rol oynayır:

"Turkic.World Media Platforması qısa bir müddətdə türkdilli ölkələrin aparıcı və nüfuzlu media qurumlarını özündə cəmləşdirib və qardaş ölkələrin xəbərlərinin yayımlanmasına öz töhfəsini verib. Bu fəaliyyət, təbii ki, təqdirəlayiqdir. Əminliklə demək olar ki, ortaq media platforması gələcəkdə qarşıya qoyduğu hədəflərə layiqincə çatacaq".

Trend BİA-nın direktor müavini Elçin Alıoğlu isə bildirib ki, türk dünyasının belə bir ortaq media layihəsinə çox ciddi ehtiyacı var:

"Bu layihə təkcə qardaş ölkələrin xəbərlərini bir-birinə çatdırmaq deyil, həm də qədim tarixi tellərin bərpasıdır. Qan yadaşından olan istəklərin ortaya gətirilməsidir. Biz hamımız çalışmalıyıq ki, bu layihəyə öz töhfəmizi verək. Həm vətənpərvər, həm peşəkar kimi. Turkic.World bütün türk dünyasını birləşdirən səsin ucalacağı bir məkandır".

Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu çıxışında bildirib ki, Turkic.World media platforması əməkdaşlıq çərçivəsini genişləndirəcək.

O qeyd edib ki, önümüzdəki ildən etibarən Azərbaycanın, eləcə də, digər türk dilli müxtəlif qurumları ilə əməkdaşlıq imzalanması nəzərdə tutulur:

"Eyni zamanda, Türk Dünyası (Turkic.World) media platformasına digər media qurumlarının qatılacağı istisna edilmir. Əsas məqsədimiz türk dilli ölkələrin informasiya resursları arasında əməkdaşlığı genişləndirməkdir. Bu gün Türk Dünyası (Turkic.World) media platforması türk dövlətlərinin rəsmi media agentliklərini bir platformada toplayan yeganə və unikal layihədir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib”, - deyə o bildirib.

Hafizoğlu onu da qeyd edib ki, 2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.

“Bütün bunlarla yanaşı, media platforma ölkədə keçirilən müxtəlif tədbirlərin də media partnyoru kimi çıxış edib. Belə ki, 11 dekabr tarixində Türk Dünyası media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçirilən Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib”, - deyə o bildirib.

Bununla yanaşı, "TurkicWorld" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə tərəfdaşlıq memorandumu imzalayıb.

Xatırladaq ki, bu ilin iyul ayının 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (TurkicWorld) media platformasının mərkəzi ofisinin açılış mərasimi baş tutub.

Sonda Bakı Şəbəkəsi (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli Türkiyənin nüfuzlu “Albayrak" Media Qrupuna da təşəkkürünü bildirib.

Bakı Şəbəkəsi (“Baku Network”) Araşdırmalar və Təhlil İctimai Birliyinin adından Turkic.World (Türk Dünyası) Media Platformasına “Türkdilli ölkələrin xəbərlərini yayımlayan ilin ən uğurlu media layihəsi” nominasiyası üzrə təltifnamə təqdim edilib.