Ermənistan keçiriləcək danışıqlarda Azərbaycanın üstünlüyünü görərək həmin danışıqları pozmağa çalışır – Vüqar İskəndərov (ÖZƏL)

Ermənistan keçiriləcək danışıqlarda Azərbaycanın üstünlüyünü görərək həmin danışıqları pozmağa çalışır – Vüqar İskəndərov (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əməl etməsi Ermənistanı təşvişə salıb və danışıqlarda Azərbaycanın üstünlüyünü görərək həmin danışıqları pozmağa çalışır, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Azərbaycanın 44 günlük vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar Ermənistanı və onun havadarlarını narahat edir. Bu fonda Azərbaycanın güclənməsi və Türkiyə ilə birlikdə hərəkət etməsi artıq yalnız regionda deyil, qlobal anlamda da nüfuzunun artması bu qüvvələri təşvişə salıb, onlar bu və ya digər formada Azərbaycan və Ermənistan arasındakı imzalanacaq sülh müqaviləsini pozmağa, münasibətlərin normallaşmasına əngəl olmağa çalışır”, - deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, Ermənistan son zamanlarda dəfələrlə sülhdən danışsa da hərəkətlərində qeyri-konstruktiv mövqe nümayiş etdirir.

“Ermənistanın gah ABŞ, gah Avropa, gah da Rusiya kimi qlobal qütblər arasında qeyri-adekvat siyasəti göstərir ki, Ermənistan ağalarının tərtib etdiyi siyasi prosesləri yerinə yetirir, hər vəchlə təxribat törədərək Azərbaycanın bölgəyə dayanıqlı sülhün gətirilməsi cəhdinə əngəl olmağa çalışır. Hazırki təxribatlar həmin zəncirin digər həlqəsidir və Ermənistan təxribatlarla qarşıdakı Brüssel danışıqlarını pozmağa, Vaşinqton danışıqlarını qüvvədən salmağa çalışır. Bütün bunlar Ermənistanın xarici siyasətinin qeyri-adekvat çalarlarıdır. Burada məqsəd qarşıda keçiriləcək görüşləri konkret sabotaj etmək və ağalarının onun üçün tərtib etdiyi tezisləri oxumaqdır. Təbii ki, get-gedə təxribatların artırılması zəif olan sülh prosesinə əngəl olmaq məqsədi daşıyır”, - deyə V.İskəndərov vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, Ermənistan bu siyasəti davam etdirməklə özünü çox çətin vəziyyətə salır və burada uduzan tərəf məhz Ermənistan olacaq.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Ləman Əsədli

Twitter: lamanasadli01