Son dəqiqə

Milli Məclis

Milli Məclisin komitə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

Bakı, TurkicWorld

Noyabrın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

İclasda çıxış edən maliyyə nazirinin müavini Himalay Məmişov 2027-ci il üçün büdcə siyasətinin əsas istiqamətləri, makroiqtisadi proqnoz göstəriciləri barədə məlumat verib. Bildirilib ki, neftdən asılılıq davamlı olaraq azaldılır və növbəti il 141 milyard həcmində nəzərdə tutulan ÜDM-in 109,1 milyard manatının qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır.

Nazir müavini 2027-ci ilin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunduğunu, regionların büdcədən asılılığının daha da azaldığını qeyd edib.

Himalay Məmişov icmal büdcə gəlirlərinin növbəti il üçün 47,6 milyard manat, o cümlədən dövlət büdcəsi gəlirlərinin 39,3 milyard manat, icmal büdcənin xərclərinin isə 50,4 milyard manat, o cümlədən dövlət büdcəsi xərclərinin 42,4 milyard manat məbləğində proqnozlaşdırıldığını vurğulayıb.

İclasda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəsi zamanı səsləndirilmiş təklif və qeydlər, habelə layihə üzrə dəqiqləşdirmələr nəzərdən keçirilib.

Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mövzuya görə xəbərlər