Son dəqiqə

Ceyhun Bayramov Azərbaycanın ATƏT sədrliyinə namizədliyi məsələsinə münasibət bildirib

Bakı, TurkicWorld

Bu günlərdə ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz (ATƏT sədrliyinə - red.) masaya gəlib və buna münasibətimiz nədən ibarətdir.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfrasında TurkicWorld-in sualını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, son həftələr ərzində daha intensiv məsləhətləşmələrə başlanılıb.

"Həmin o alternativ təkliflər sırasında ATƏT-in hazırda fəaliyyətdə olan sədri İsveçrədir, bu dövr bu ilin 31 dekabrında başa çatır. Növbəti sədr barədə müzakirələr gedir, müxtəlif təkliflər irəli sürülür. Mən burada konkret ölkə adları çəkmək istəmirəm, yəni bu təkliflər bir müddətdir ki, davam edir.

Azərbaycan bu xüsusda hər hansı bir fəallıq göstərməyib. Amma artıq vaxt azalır, ortada bəlli bir vaxt sıxıntısı var. Alternativ təkliflər sırasında Azərbaycanın da namizədliyi irəli sürülüb. Son həftələrdə yeni yanaşma da var ki, prosesin asanlaşdırılması üçün sədrlik illik yox, bir paket şəklində müəyyən edilsin, konsensus formalaşdırılsın.

Azərbaycanın mövqeyi budur ki, biz təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırıq. Paket daxilində Azərbaycanla yanaşı, Ermənistanın da adı çəkildi ki, bu da münaqişənin başa çatması və müsbət inkişafın nəticəsidir. Bu özü də müsbət haldır. Dediyim kimi, bu paket daxilində Azərbaycanın adı var və biz buna müsbət yanaşırıq".