Son dəqiqə

Fələstin İsrail Rufiz Hafizoğlu Qəzza zolağı

Qəzza müharibəsi İsrail cəmiyyətini parçalayan ilk hərbi qarşıdurmadır - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

İsraildə aparılan son ictimai rəy sorğusunun nəticələri ölkədə daxili gərginliyin ciddi həddə çatdığını göstərir. Sorğuya əsasən, vətəndaşların 60 faizi İsraildə vətəndaş müharibəsi riskini real və konkret təhlükə kimi qiymətləndirir. Eyni zamanda respondentlərin böyük əksəriyyəti ölkədə ictimai-siyasi vəziyyətin son illərdə pisləşdiyini, cəmiyyətin isə getdikcə daha çox qütbləşdiyini düşünür. Bu mənzərə fonunda belə bir sual yaranır: İsrail cəmiyyətində bu qədər dərin parçalanmanın əsas səbəbləri nələrdir? Hər zaman dövlətinin yanında olan bütövlük nümayiş etdirən yəhudi xalqı nə üçün bu qənaətdədir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu qeyd edib ki, müasir İsrail tarixinə, daha doğrusu, əvvəlki müharibələrə nəzər salsaq, deyə bilərik ki, “Əl-Əqsa Tufanı” əməliyyatından sonra başlayan və İsrailin Qəzza zolağına hərbi müdaxiləsi ilə davam edən proses İsrail cəmiyyətini tam şəkildə parçalamış ilk hərbi qarşıdurma oldu: “Bunun müxtəlif səbəbləri var. Bundan əvvəlki müharibələrdə – istər Altıgünlük müharibə, istər 2002-ci, 2006-cı illərdə baş verən qarşıdurmalar, ümumiyyətlə, HƏMAS və İsrail, eləcə də Fələstin müqavimət qrupları ilə İsrail arasında yaşanan bütün toqquşmalarda İsrail cəmiyyəti dövlətin və hakimiyyətin tam yanında dayanırdı. Amma qeyd etdiyim kimi, “Əl-Əqsa Tufanı” əməliyyatından sonra başlayan hərbi müdaxilə İsrail ictimaiyyətini ciddi şəkildə parçaladı. Bunun müxtəlif səbəbləri var. Birincisi, liberallar arasında. İkincisi, ümumilikdə yəhudi lobbisi daxilində. Üçüncüsü isə qlobal yəhudi dairələri arasında. Ümumilikdə yəhudi lobbisi daxilində ciddi parçalanma yarandı. İsrail cəmiyyətində dindar yəhudilər, millətçi və ifrat sağçı yəhudilər, eyni zamanda liberal və solçu düşüncəyə malik qruplar arasında ciddi fikir ayrılığı meydana çıxdı”.

R.Hafizoğlu qeyd edib ki, bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri də “Əl-Əqsa Tufanı” əməliyyatının başlama mexanizmi oldu: “Çünki İsrail Yaxın Şərqin hərbi baxımdan ən güclü, hegemon dövləti hesab olunurdu. Bu dövlətin sərhədləri boyunca qurulan müdafiə sistemi uzun illər keçilməz sayılırdı. Lakin hərbi imkanları zəif hesab edilən HƏMAS həmin müdafiə xəttini keçə bildi və müəyyən hadisələr baş verdi. Bu da İsrail cəmiyyətində hadisələrə münasibətdə tamamilə fərqli baxışların formalaşmasına səbəb oldu. İsrail kəşfiyyatı belə hesab edirdi ki, burada xarici qüvvələrin rolu olub. Bu artıq ayrıca mövzudur. Biz yüz il sonra belə bunun dəqiq necə baş verdiyini tam əminliklə deyə bilməyəcəyik. Müxtəlif fərziyyələr irəli sürmək mümkündür: bunun arxasında İran dayanırdı, yoxsa İsrailin öz əməli idi, yaxud qlobal yəhudi lobbisinin planı idi və sair. Bugünkü İsrail hakimiyyətində dindar yəhudilər də öz daxilində parçalanıblar. Bir tərəfdə Benyamin Netanyahunu dəstəkləyən radikal, sağçı və ifrat dini düşüncəyə sahib yəhudilər var. Digər tərəfdə isə ortodoks baxışlı yəhudilər dayanır. Onların inancına görə, İsrail adlı dövlət ümumiyyətlə mövcud olmamalıdır və bu dövləti yalnız Məsihin gəlişindən sonra qurmaq mümkündür. Digər tərəfdən, Haredi yəhudilərinin hərbi xidmətə çağırılması məsələsi gündəmə gəldi. Onlara verilən müəyyən güzəştlər ləğv edildi. Bu da cəmiyyətdə ciddi narazılıq yaratdı. Bundan əlavə, müharibənin uzanması və Benyamin Netanyahunun şəxsiyyəti ilə bağlı korrupsiya, rüşvət və digər qalmaqallar da vəziyyəti daha da ağırlaşdırdı. Müharibə tam başa çatdıqdan sonra Netanyahu barəsində məhkəmə prosesi başlanacağı gözlənilir. Bu sirr deyil, hər kəs bunu bilir. Hətta Donald Tramp da bununla bağlı açıqlama verib və İsrail məhkəməsinə müraciət edib. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu, qlobal yəhudi dairələrinin İsrailə münasibətində yaranmış ikili yanaşmadır. Bu nədən ibarətdir? Bu gün İsrail hakimiyyətində təmsil olunan Benyamin Netanyahu, Bezalel Smotriç, İtamar Ben-Qvir və digər ifrat sağçı nazirlərin düşüncəsində müəyyən sərhədlər daxilində qurulmuş bir İsrail modeli var. Onlar bu modelin həyata keçməsi üçün, lazım gələrsə, qonşu ərəb xalqlarının və müsəlmanların qətlə yetirilməsinə belə hazır olduqlarını nümayiş etdirirlər”.

Ekspert bildirib ki, ABŞ rəsmilərinin də buna bənzər açıqlamaları olub: “Məsələn, ABŞ vitse-prezidenti Cey Di Vensin son çıxışlarından birində səsləndirdiyi fikir təxminən belə idi ki, İsrail qonşularını öldürməklə bölgədə təhlükəsiz və davamlı sülh şəraitində yaşaya bilməz. Yəni hakimiyyət daxilində belə bir düşüncə hakimdir: “Nəyin bahasına olursa-olsun təhlükəsizliyimizi təmin etməliyik və bunun üçün hamıdan əvvəl zərbə endirməliyik.” Digər tərəfdə isə belə düşünən qlobal yəhudi dairələri var ki, İsrailin bu siyasəti bütün dünyada yəhudilərə qarşı nifrəti və antisemitizmi artırır. Hesab edirəm ki, bu gün İsrailin demonizasiyası, yəni beynəlxalq aləmdə şeytanlaşdırılması prosesinin arxasında məhz belə düşünən qlobal yəhudi çevrələrinin də müəyyən təsiri var. Çünki İsrail indiki qədər siyasi təcrid vəziyyətinə heç vaxt düşməmişdi. Baxın, bir ölkənin naziri çıxıb başqa ölkənin ərazisinin yandırılmalı olduğunu, anaların ağladılmalı olduğunu, azanın qadağan edilməli olduğunu, fələstinli məhbusların edam edilməsinin vacibliyini açıq şəkildə bəyan edir. Bunları hər hansı ekspert, bələdiyyə sədri və ya başqa bir şəxs yox, dövlət naziri deyir. Bu isə faktiki olaraq dövlətin rəsmi mövqeyi kimi qəbul olunur. Təbii ki, bu cür açıqlamalar İsrailin beynəlxalq nüfuzuna ciddi zərbə vurur və hesab edirəm ki, bu proses davam edəcək. Amma burada başqa bir sual ortaya çıxır: əgər belədirsə, onda İsrail nə üçün yaradılmışdı və nə üçün mövcuddur? Fikrimcə, İsrail regionda müəyyən güclərin, ilk növbədə ABŞ-nin və beynəlxalq yəhudi lobbisinin Yaxın Şərq üzərində nəzarət mexanizmi kimi formalaşdırdığı bir “jandarma” rolunu oynayırdı. Bu mexaniz müəyyən dövrə qədər işləyirdi. Lakin zaman keçdikcə ciddi problemlərlə üzləşdi və bu problemlər bu gün də davam edir. Hazırda İsrail daxilində çox ciddi siyasi və ictimai problemlər mövcuddur”.

Bəs bundan sonra nə olacaq sualına cavab olaraq R.Hafizoğlu qeyd edib ki, hesab edirəm ki, İsrail dövlət olaraq ciddi şəkildə zəifləyəcək: “Nə üçün belə düşündüyümə gəlincə, qeyd etdiyim kimi, İsrailin demonizasiyası, yəni beynəlxalq aləmdə şeytanlaşdırılması prosesi gedir. Bu prosesdə İsrail hökumətinin və xüsusilə də nazirlərinin ritorikasının və siyasətinin böyük rolu var. Lakin burada əsas sual budur: əgər gələcəkdə İsrail regionda əvvəlki “jandarma” rolunu itirərsə, onun yerini hansı dövlət tutacaq? Məncə, bu çox mühüm sualdır. Hansı dövlət regionda həmin beynəlxalq “jandarma” rolunu oynayacaq?”

Mövzuya görə xəbərlər