BAKI,TurkicWorld
Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb.
TurkicWorld xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil Mikayılova parlamentin bugünkü iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
S. Mikayılova qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma artıq yalnız texnologiyaların tətbiqi deyil, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi deməkdir.
"İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Məhz Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasından sonra rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də sistemli iş müşahidə olunmağa başladı. Son aylarda Milli Məclisdə bu istiqamətdə bir sıra mühüm qanun layihələri qəbul edildi və ya müzakirəyə çıxarıldı", - deyə deputat bildirib.
S.Mikayılovanın sözlərinə görə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər kibertəhlükəsizliyin hüquqi tənzimlənməsini ayrıca istiqamət kimi müəyyən edir və bu sahədə mövcud qanunvericiliyi beynəlxalq təcrübəyə uyğunlaşdırır.
"Bu dəyişikliklər kiberməkanda münasibətlərin daha səmərəli təşkilinə kömək edəcək. Çünki hazırda təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqli məzmun daşıyır. Əvvəllər təhlükəsizlik əsasən fiziki sərhədlərin qorunması ilə əlaqələndirilirdisə, bu gün dövlətlərin enerji sistemləri, bank sektoru, rabitə şəbəkələri, nəqliyyat infrastrukturu və dövlət xidmətləri rəqəmsal mühitdə fəaliyyət göstərir. Bu sistemlərə qarşı həyata keçirilən kiberhücumlar artıq milli təhlükəsizlik üçün real risk hesab olunur. Kibercinayətlərin isə fiziki sərhədləri yoxdur; onlar dövlət sərhədlərini asanlıqla aşır və transmilli xarakter daşıyır. Buna görə də hüquqi tənzimləmənin beynəlxalq standartlara uyğun qurulması xüsusi əhəmiyyət kəsb edir",- deyə o əlavə edib.
Deputat bildirib ki, qanun layihəsinin mühüm yeniliklərindən biri yeni hüquqi anlayışların daxil edilməsidir.
"Digər diqqətçəkən yeniliklərindən biri də tənzimləyici test mühitinin hüquqi əsaslarının yaradılmasıdır. Dünyanın bir çox ölkəsində uğurla tətbiq olunan tənzimləyici test mühiti modeli Azərbaycanda da rəqəmsal iqtisadiyyatın və süni intellekt ekosisteminin təhlükəsiz inkişafı üçün mühüm hüquqi alət rolunu oynayacaq. Eyni zamanda digər aidiyyəti qanunlarla uzlaşdırılacaq yeni dəyişikliklər informasiya münasibətlərinin kompleks hüquqi tənzimlənməsinə xidmət edir. Beləliklə, kibertəhlükəsizlik ayrıca sahə kimi deyil, informasiya hüququnun digər institutları ilə qarşılıqlı əlaqədə inkişaf etdirilir", - S. Mikayılova bildirib.
Deputatın sözlərinə görə, təsadüfi deyil ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri bu gün dünyanın da əsas prioritetləri sırasında yer alır.
"Məhz bunun göstəricisidir ki, iyulun 6–10-da İsveçrənin Cenevrə şəhəri süni intellekt və onun idarə olunması sahəsində qlobal müzakirələrin mərkəzinə çevriləcək. İlk dəfə təşkil olunan BMT-nin Süni İntellektin İdarə Olunması üzrə Qlobal Dialoqu çərçivəsində dövlət rəhbərləri, siyasətçilər, alimlər, texnologiya şirkətlərinin nümayəndələri və beynəlxalq təşkilatlar süni intellektin təhlükəsiz, məsuliyyətli və etik inkişafı, kibertəhlükəsizlik, standartlar və rəqəmsal idarəetmə məsələlərini müzakirə edəcəklər. Bu isə göstərir ki, informasiya və kibertəhlükəsizliyin hüquqi bazasının gücləndirilməsi qlobal çağırışlara uyğun və vaxtında atılan addımdır", - deyə o əlavə edib.
S. Mikayılova vurğulayıb ki, təqdim olunan qanun layihəsi Azərbaycanın kibertəhlükəsizlik sahəsində hüquqi bazasının formalaşdırılmasında mühüm mərhələdir.
"Layihə təkcə yeni anlayışlar və institutlar yaratmır, həm də informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif qanunvericilik aktlarını vahid hüquqi sistem çərçivəsində əlaqələndirir. Bu dəyişikliklər informasiya infrastrukturunun etibarlı qorunmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, kiberinsidentlərə operativ cavab verilməsinə və ölkənin milli kiberdavamlılığının artırılmasına xidmət edəcək. Bununla yanaşı, təbii ki, kibertəhlükəsizlik daim inkişaf edən və dəyişən sahə olduğundan, gələcəkdə texnoloji yeniliklər və yeni risklər nəzərə alınmaqla qanunvericiliyin mütəmadi şəkildə təkmilləşdirilməsi zərurəti yaranacaq. Bu baxımdan hazırkı dəyişikliklər gələcək hüquqi inkişaf üçün də möhkəm normativ baza yaradır", - deyə deputat bildirib.







