Son dəqiqə

Mədəniyyət Nazirliyi Azərbaycan Elm və Təhsil Nazirliyi Birinci Türkologiya Qurultayının 100 illiyi

Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

29 iyun – 3 iyul tarixlərində Azərbaycanda Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təşkil olunacaq.

Elm və mədəniyyət sahələrini əhatə edən silsilə tədbirlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 22 oktyabr 2025-ci il tarixində imzalanmış “Birinci Türkologiya Qurultayının 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncama uyğun olaraq keçiriləcək.

“Türk Dünyası Həftəsi” Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirlərin həyata keçirilməsində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu tərəfdaş qismində iştirak edəcəklər.

Həftənin əsas tədbiri “Birinci Türkologiya Qurultayı: Yüz İllik Elmi və Mədəni İrs” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək rəsmi açılış mərasimində türk dövlətləri də daxil olmaqla 20 ölkənin elmi mərkəzlərini təmsil edən 80 tanınmış türkoloqun və beynəlxalq türk təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Açılış çərçivəsində qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film də təqdim ediləcək.

Həmin gün Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Müasir Dövrün Çağırışları Kontekstində Türk Dillərinin, Ədəbiyyatlarının və Tarixlərinin Tədrisi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “Türk Tarixi Hekayələri və İdeoloji Yanaşmalar” mövzusunda panel təşkil olunacaq. Elə həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı təqdim ediləcək.

İyulun 1-də iştirakçılar Qarabağa – Ağdam, Şuşa və Xankəndiyə səfər edəcəklər. Ağdam Muğam Mərkəzində görkəmli Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin müəllifi olduğu İblis pyesi səhnələşdiriləcək.

İyulun 2-də Qarabağ Universitetində panel iclası keçiriləcək və türkologiyanın növbəti yüzillik inkişaf prioritetlərini müəyyən edən yekun sənəd qəbul olunacaq. Həmin gün Bakıda tarix muzeyində yubiley sərgisi, Milli Kitabxanada isə Türk Dünyası Milli Kitabxanalar Birliyinin konfransı təşkil ediləcək.

“Türk Dünyası Həftəsi” iyulun 3-də Milli İncəsənət Muzeyində keçiriləcək “Əli bəy Hüseynzadə” seminarı və Nizami Kino Mərkəzində baş tutacaq film nümayişi ilə yekunlaşacaq.

Mövzuya görə xəbərlər