Son dəqiqə

Bakı Birləşmiş Ərəb Əmirlikləri Mədəniyyət Nazirliyi BƏƏ Məhəmməd Əl-Bluşi

Mədəniyyət və irs xalqları birləşdirən ümumi dildir - BƏƏ səfiri Məhəmməd Əl Bluşi

BAKI,TurkicWorld

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “BƏƏ və Azərbaycanın muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir” adlı tədbir təşkil edib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi çıxış edərək bildirib:

“Sizin burada iştirakınız mədəniyyətə və irsə göstərdiyiniz diqqətin və marağın bariz nümunəsidir. Çünki mədəniyyət və irs xalqları birləşdirən ümumi dil, dövlətlər arasında qarşılıqlı əlaqələrin qurulmasına, ünsiyyət körpülərinin yaradılmasına və ölkələr arasında yaxınlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm vasitədir.”

“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında mövcud olan ikitərəfli münasibətlər hər iki dost ölkənin rəhbərlərinin səyləri və uzaqgörən siyasəti sayəsində qarşılıqlı etimad, hörmət və davamlı inkişafa dair ortaq baxış üzərində qurulan nümunəvi tərəfdaşlıq modelinə çevrilmişdir. Son bir neçə il ərzində bu münasibətlər müxtəlif sahələrdə və bütün istiqamətlərdə həyata keçirilən qarşılıqlı əməkdaşlıq sayəsində mühüm nailiyyətlərlə daha da möhkəmlənmişdir. Bu əməkdaşlıq Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin ən yüksək səviyyəyə yüksəlməsinə səbəb olmuşdur.”-deyə səfir bildirib.

Səfir onu da qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərindəki muzeylər sadəcə tarixi eksponatları qoruyan binalar deyil, onlar cəmi bir neçə onillik ərzində keçmişin əsilliyi ilə gələcəyin iddialı hədəflərini birləşdirməyi bacaran bir vətənin hekayəsini nəql edən bilik və mədəniyyət müəssisələridir.

“Bu muzeylər ziyarətçiyə regionun tarixini və zəngin irsini kəşf etməyə imkan verən dialoq, öyrənmə və yaradıcılıq məkanlarıdır. Çünki onlar insan şüurunun formalaşmasına töhfə verən və qlobal miqyasda müxtəlif mədəniyyətlərarası dialoqu gücləndirən idrak platformalarıdır. Bu gün Birləşmiş Ərəb Əmirlikləri həm irsi qoruyan milli, həm də beynəlxalq muzeyləri əhatə edən qabaqcıl bir sistemi özündə birləşdirir.

Yeddi əmirlik üzrə 73-ü dövlət, 144-ü isə özəl olmaqla 217 muzey fəaliyyət göstərir. Bu da ölkənin qlobal mədəniyyət və incəsənət mərkəzi kimi mövqeyini möhkəmləndirərək onu görkəmli bir mədəniyyət məkanına çevirmişdir. Bütün bunlar ölkənin mədəniyyətə insani ünsiyyət körpüsü, eləcə də BƏƏ-nin yanaşmasında və siyasətində əsas sütunları təşkil edən dözümlülük, birgəyaşayış və sülh dəyərlərinin bərqərar olunması vasitəsi kimi inanmasının göstəricisidir”-deyə BƏƏ-li diplomat əlavə edib.

Səfir onu da vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin müdrik rəhbərliyi, xüsusilə də ölkə Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ("Allah onu qorusun") dövlətin mədəni və sivil cəhətdən inkişafı, eləcə də iqtisadiyyatın biliyə əsaslanan modelə çevrilməsi istiqamətindəki strateji baxışını reallaşdırmağa hər zaman can atır.

“Bu çərçivədə bir sıra müasir muzeylər təsis edilmişdir. Ərəb dünyasında ilk beynəlxalq muzey olan və müstəsna əhəmiyyət kəsb edən Əbu-Dabi əmirliyindəki "Luvr" muzeyi və ən son innovativ texnologiyalardan istifadə edərək ənənəvi muzey anlayışını dəyişən, keçmişi gələcəklə bağlayan arxitektura möcüzəsi – Dubay əmirliyindəki "Gələcəyin Muzeyi" buna bariz nümunədir.Bildiyiniz kimi, bu gün muzeylər elmi tədqiqatların dəstəklənməsində, təhsilin təşviqində, yaradıcılığın həvəsləndirilməsində və maddi-mənəvi irsin qorunmasında mühüm rol oynayır. Bu da dövlətlərin insana və biliyə sərmayə qoymaq, öz milli kimliyi ilə fəxr edən və dahi eyni zamanda dünyaya açıq olan nəsillər yetişdirmək baxışına tam uyğundur. Məhz bu nöqteyi-nəzərdən keçirilən sözügedən tədbir ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində mədəni diplomatiyanın əhəmiyyətini vurğulayır.

Tədbir Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikasının malik olduğu zəngin sivil irsi və mədəni nailiyyətləri önə çıxararaq, qarşılıqlı anlaşma körpülərinin kurulmasına və iki dost ölkə arasında birgə əməkdaşlığın möhkəmlənməsinə töhfə verir”-deyə o qeyd edib.

Səfir tədbir iştirakçılarına təşəkkür edərək , “Sizi bu mədəni tədbirdə hər birinizi salamlayaraq qarşılamaqdan böyük məmnunluq duyuram. Bu gün burada iştirak etdiyiniz və tədbirimizə qoşulduğunuz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.”-deyə bildirib.

Mövzuya görə xəbərlər