Son dəqiqə

Azərbaycan İran ABŞ Rufiz Hafizoğlu Bakı İran ABŞ dolayı danışıqları

Rəsmi Bakı gərginlik şəraitində belə diplomatik kanalları açıq saxlayan nadir aktorlardandır – Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

Bəzən tarix gurultulu hadisələrlə deyil, səssiz qərarlarla yazılır. Bəzən bir zəng, bir jest, vaxtında verilmiş bir mesaj bütöv regionun siyasi ritmini dəyişə bilir. Yaxın Şərqdə baş verən hadisələrin fonunda Cənubi Qafqazın mürəkkəb geosiyasi labirintində məhz belə məqamlardan biri yaşandı. Prezident İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, sadəcə, iki dövlət başçısını deyil, iki siyasi xətti birləşdirdi. Etiraf etmək lazımdır ki, İran ilə ABŞ arasında əldə olunan iki həftəlik atəşkəs zahirən müvəqqəti fasilə təsiri bağışlasa da, əslində regionun gələcək dinamikası üçün mühüm bir nəfəs imkanı yaratdı.

TurkicWorld xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın baş direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

Ekspert bildirib ki, müharibənin sarsıtdığı bir coğrafiyada bu cür fasilələr bəzən yeni başlanğıcların ilkin mərhələsi olur. Lakin diqqətçəkən məqam atəşkəsin özü qədər ona və heç şübhəsiz, müharibəyə verilən reaksiyadır.

“Ümumiyyətlə, bir şeyi xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın qonşularla siyasətini nəzərə aldıqda olduqca mühüm bir yanaşmanın şahidi oluruq. Rəsmi Bakı heç vaxt diplomatik kanalları bağlamayıb. İran və ABŞ arasında yaşanan son müharibə və atəşkəs sonrası da elə oldu. Azərbaycan Prezidentinin iranlı həmkarına zəng edərək təbriklərini çatdırması, protokol çərçivəsində izah edilə biləcək bir addım kimi görünə bilər. Lakin bu jestin arxasında daha dərin siyasi məna yatırdı. Bu, həm də mesaj idi: “Regionda sabitlik bizim üçün strateji prioritetdir və bu hər zaman belə olub”. Bu mesajın çəkisi isə yalnız sözlərlə ölçülmür. Son dövrlərdə baş verən hadisələr Azərbaycanın bu mövqeyini ardıcıl və prinsipial şəkildə nümayiş etdirdiyini göstərir. Münaqişə və gərginlik fonunda bir çox aktorların tərəddüd etdiyi, bəzi dövlətlərin isə açıq və ya gizli şəkildə mövqe dəyişdirdiyi bir vaxtda Azərbaycan sabit xətt seçdi. Bu incə fərq əslində diplomatiyanın ən mühüm məqamlarından biridir. Azərbaycan nə tərəf tutdu, nə də məsafə saxladı. O, münasibət qurdu. Bu münasibətin əsasını isə Azərbaycan Prezidentinin simasında etimad təşkil edir”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, regionda dolaşan müxtəlif iddialara, təxribat xarakterli məlumatlara və süni şəkildə yaradılan təhlükə narrativlərinə baxmayaraq, Azərbaycan-İran sərhədi heç vaxt qarşıdurma xəttinə çevrilmədi. Əksinə, bu sərhəd sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlayışın simvolu kimi qaldı. Bu fakt özü-özlüyündə siyasi bəyanatdan daha güclüdür: “Azərbaycanın davranışı yalnız təhlükəsizlik müstəvisində deyil, humanitar sahədə də özünü göstərdi. Çətin günlərdə göstərilən dəstək, diplomatik ritorikadan daha təsirli olur. Məhz buna görə də Azərbaycanın İrana humanitar yardım göndərməsi, münasibətlərin formal deyil, real mahiyyət daşıdığını ortaya qoydu.

Rəsmi Bakının bu yanaşması regional təhlükəsizlik və stabillik strategiyasının tərkib hissəsidir. Bu strategiya isə sadə, lakin güclü bir prinsipə əsaslanır: qonşuluq yalnız coğrafi anlayış deyil, siyasi məsuliyyətdir və rəsmi Bakı bunu bir çox qonşularından daha yaxşı bilir və bu prinsipə uyğun hərəkət edir”.

Rufiz Hafizoğlu xüsusi olaraq Əli Xameneinin vəfatı ilə bağlı verilən ilk başsağlığına diqqət çəkib.“Diplomatiyada nə demək və etməklə yanaşı, nə zaman demək və nə zaman etmək də önəmlidir. Təəssüflər olsun ki, biz Azərbaycanın prinsipial mövqeyi fonunda İranda müəyyən dairələrin Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışmasını görürük. Hər nə qədər xoş olmasa da, bu bizim üçün yeni bir hal deyil. Azərbaycan əleyhinə aparılan çirkin qarayaxma kampaniyalarını təhlil edərkən bunların vahid mərkəzdən idarə olunduğu ortaya çıxır. Tarix boyu regionda bu cür narrativlər müxtəlif məqsədlərlə formalaşdırılıb. Lakin reallıq hər zaman bu iddiaları təkzib edib. Azərbaycan əleyhinə olan müxtəlif dairələrin səsləri hər zaman faktlarla susdurulub. Azərbaycan heç vaxt İrana qarşı platformaya çevrilməyib, Azərbaycan öz ərazisindən İrana qarşı təhdidə imkan verməyib və rəsmi Bakı ən kritik anlarda belə münasibətləri qoruyub saxlayıb.

Bu faktlar artıq təkcə diplomatik arxivlərdə deyil, siyasi yaddaşda da öz yerini tutur və bundan sonra da tutacaq. Bu gün İran daxilində Azərbaycanla bağlı formalaşdırılan mənfi obrazın zəifləməsi də məhz bu səbəbdəndir. Çünki, siyasətdə uzunmüddətli təsir yalnız ritorika ilə deyil, davranışlarla formalaşır. Azərbaycan isə davranış dili ilə danışan nadir aktorlardan biridir”,- deyə R.Hafizoğlu vurğulayıb.

Mövzuya görə xəbərlər