BAKI, TurkicWorld
Hamı Sülh Şurasının bir hissəsi olmaq istəyir.
TurkicWorld xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsinin” imzalanması mərasimində deyib.
“Ölkələr indicə bildiriş alıblar və hamısı onun bir hissəsi olmaq istəyir. Biz Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox tərəflərlə əməkdaşlıq edəcəyik. Dünən bir çox aparıcı dünya biznes liderləri və xarici dövlət başçılarının iştirakı ilə inanılmaz dərəcədə uğurlu görüşümüz keçdi. Və indi bizim ən vacib tədbirlərimizdən biri — Sülh Şurası kimi tanınan qurumun rəsmi təsisatıdır.
Yaxın Şərqdə sülh var. Heç kim bunun mümkün olacağını düşünmürdü. Biz səkkiz münaqişəni həll etdik və hesab edirəm ki, daha biri də yaxın zamanlarda ortaya çıxacaq. Əvvəl asan hesab etdiyim məsələ, ehtimal ki, ən çətin oldu. Amma biz görüşlər keçiririk və hesab edirik ki, burada əhəmiyyətli irəliləyiş əldə edirik,” — deyə o bildirib.
Qeyd edək ki, Sülh Şurasının açıqlanmış məqsədi sabitliyin təmin olunmasına töhfə vermək, qanuni idarəçiliyi bərpa etmək və münaqişə zonalarında, ilk növbədə 2023–2025-ci illərdəki müharibədən sonra Qəzza sektorunda dayanıqlı sülhü təmin etməkdir. Birləşmiş Millətlər Təşkilatı bunu 2025-ci ilin noyabr ayında 2803 saylı qətnamə ilə təsdiqləyib. Yanvarın 16-da Ağ Ev Sülh Şurasına iki qurumun tabe olacağını elan edib : İcraiyyə Şurası və Qəzza üzrə İcra Komitəsi. Onun tərkibinə qoşulmaq üçün onlarla dövlət başçısına dəvət göndərilib.






