BAKI, TurkicWorld
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə saziş iri investisiyalar üçün imkanlar aça bilər.
xəbər verir ki, bunu Türkiyənin "Limak Holding" şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclası zamanı deyib.
"İnvestisiyalar yalnız sülh və uzunmüddətli sabitlik olduqda başlaya bilər. Sabitlik yoxdursa, heç kim investisiya qoymaq istəməz. Mən TRIPP üzrə sazişlə tanış olmuşam – o, çox aydın şəkildə tərtib edilib. Hesab edirəm ki, iri investisiyalar məhz bu sazişdən başlaya bilər. Hazırda Bakı–Tbilisi–Qars xətti fəaliyyət göstərir və Orta Dəhlizin inkişafı ilə imkanlar daha da genişlənəcək. Vurğulamaq istəyirəm ki, infrastruktur təkcə yollar demək deyil. Buraya həmçinin rəqəmsal infrastruktur, enerji infrastrukturu, eləcə də müşayiətedici infrastruktur – quru limanlar, logistika habları və onların ətrafında formalaşan yaşayış məntəqələri daxildir", – deyə o bildirib.
Özdemir qeyd edib ki, bütün liderlərin müsbət yanaşmasını nəzərə alsaq, ilk investisiyalar böyük ehtimalla dövlət-özəl tərəfdaşlığı formatında olan layihələr olacaq: "Hazırda dünyanın bir çox ölkəsində iri layihələr məhz bu cür tərəfdaşlıqlar vasitəsilə həyata keçirilir. Bu prosesdə aparıcı rolu, şübhəsiz ki, beynəlxalq maliyyə institutları oynayacaq".
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adını alıb.







