Bakı, TurkicWorld
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın "GB News" kanalına açıqlamasında deyib.
"Britaniya xarici işlər naziri Devid Lemminin Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur. Bu, yalnız xarici işlər nazirinin deyil, beynəlxalq ictimaiyyətin də mövqeyidir. Devid Lemmi tamamilə haqlıdır. Torpaqlarımız işğaldan azad edilib, insanlar indi öz doğma yurdlarına geri qayıdırlar", - deyə o bildirib.
Səfir, eyni zamanda, Mühafizəkar hökumət dövründə parlamentin İcmalar Palatasında xarici əlaqələr komitəsinin sədri olmuş, hazırda isə kölgə Avropa naziri Alicia Körnsün David Lemminin mövqeyini tənqid etməsi ilə bağlı isə qeyd edib ki, A.Körns erməni lobbi qruplarının təzyiqinə məruz qalır.
Qeyd edək ki, Devid Lemmi "Substack" onlayn platformasında Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib.
"Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib", - D.Lemmi qeyd edərək, Azərbaycanın 2023-cü ildə Qarabağda həyata keçirdiyi antiterror əməliyyatını qiymətləndirib.