Bakı, TurkicWorld
Türkiyə Somali ilə Efiopiya arasında Somalilandla bağlı böhranın həllində iştirak edərək tərəflər arasında anlaşma memorandumu imzalanmasına nail olub.
TurkicWorld xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Beynəlxalq arenada yaşanan hər böhranda məsuliyyəti üzərinə götürərək həll yollarının hazırlanmasında mühüm pay sahibi olan Türkiyə, Somali ilə Efiopiya arasındakı böhranı aradan qaldırmaq üçün diplomatiya masasını qurdu.
Ötən gün Türkiyəyə gələn Somali və Efiopiyanın xarici işlər nazirləri iki ölkə arasındakı problemləri həll etmək üçün qarşılıqlı istəklərini ifadə edən ortaq anlaşma memorandumu imzaladılar.
Xarici işlər naziri Hakan Fidan Efiopiya xarici işlər naziri Taye Atske Selassie ilə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Müəllim Fiqi arasında aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bəyan edərək, danışıqların ikinci mərhələsinin sentyabrın 2-də keçiriləcəyini açıqlayıb.
Efiopiya və Somalidən olan həmkarları ilə birlikdə olmaqdan çox məmnun olduğunu deyən Fidan Türkiyənin Efiopiya və Somali ilə köklü əlaqələri və geniş miqyaslı əməkdaşlığı vasitəəsiylə bu məsələdə asanlaşdırıcı rol oynadığını bildirib.
Fidan Türkiyənin sülhə, diplomatiyaya və xoş niyyətə olan bağlılığının ortaq dialoqun qurulması və ortaq nöqtələrin tapılması ilə bağlı səylərə kömək göstərdiyini qeyd edərək, "Bu gün özümüzü çox imtiyazlı vəziyyətdə görürük. Hər iki tərəfin Türkiyəyə və Prezident Ərdoğana göstərdiyi ən yüksək etimad və verdikləri səlahiyyət bizim doğru yolda olduğumuza inamımızı gücləndirir" deyib.
Bu görüşlər zamanı həmkarları və nümayəndə heyətləri ilə bütün mübahisə nöqtələri barədə fikir mübadiləsi apardıqlarını deyən Fidan hər iki tərəfin də məsələlərlə bağlı həssaslığını ifadə etdiyini bildirib.
Fidanın bəyanatından sonra Xarici İşlər Nazirliyi Türkiyə, Efiopiya və Somali arasında aparılan danışıqlarla bağlı “Birgə Ankara Bəyanatı”nı dərc edib. Bəyanatda bildirilir ki, hər iki nazir fikir ayrılıqlarını sülh yolu ilə həll etmək əzmində olduqlarını bir daha vurğuladılar və Türkiyəyə göstərdiyi yardıma və konstruktiv töhfələrə görə minnətdarlıqlarını ifadə etdilər.