BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Qızıl Xaç Cəmiyyəti ölkənin cənubundakı Zəvtər əş-Şərqiyyə bölgəsində xilasetmə əməliyyatı zamanı minanın partlaması nəticəsində iki əməkdaşının yaralandığını açıqlayıb. Hadisə zamanı təcili yardım maşınına da ciddi ziyan dəyib.
TurkicWorld xəbər verir ki, Livan Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, hadisə təşkilatın əməkdaşlarının xilasetmə missiyası həyata keçirdiyi vaxt baş verib.
Açıqlamada bildirilib ki, partlayış nəticəsində iki feldşer yaralanıb, təcili yardım avtomobili isə ciddi şəkildə zədələnib.
Təşkilat qeyd edib ki, ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün Livan ordusunun mühəndis bölmələri və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərilir.
Məlumata görə, hadisə baş verən ərazidə minalar və partlamamış hərbi sursatlar aşkar edilib. Bu səbəbdən xilasedicilərin təhlükəsiz girişinin təmin olunması üçün əlavə tədbirlər görülür.
Cənubi Livanda uzun illər davam edən qarşıdurmalar nəticəsində çoxsaylı mina və partlamamış sursatların qalması mülki əhali və humanitar əməkdaşlar üçün təhlükə olaraq qalır.
Hadisə bölgədə təhlükəsizlik vəziyyətinin hələ də həssas olduğunu bir daha göstərib.







