Son dəqiqə

Türkiyə DNT testi

Türkiyəli qadın 75 yaşında milyoner olub

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda 75 il gizli qalan ailə sirri məhkəmə qərarı və DNA testi ilə üzə çıxıb. Uzun illər bioloji atasının kim olduğunu bilməyən Kalbiye Sağlam aparılan hüquqi mübarizədən sonra iş adamı Niyazi Üzmezin qızı olduğunu sübuta yetirib və milyardlarla türk lirəsi dəyərində mirasa hüquqi varis olub.

Hadisənin əsası 1950-ci illərə təsadüf edir. İddialara görə, həmin dövrdə 21 yaşlı Ümit Etyüzen və 16 yaşlı Niyazi Üzmez arasında münasibət olub. Etyüzenin hamilə qalmasından sonra ailənin qərarı ilə onun Enver Zorlukaya ilə evləndirildiyi və dünyaya gələn Kalbiyenin Zorlukaya soyadı ilə qeydiyyata alındığı bildirilir.

Uzun illər ailə daxilində saxlanılan bu sirr Kalbiyenin həyatının böyük hissəsində gizli qalıb. Onun anası Ümit Etyüzen və Enver Zorlukaya Turgutluda fəaliyyət göstərən kərpic zavodunun ərazisində yaşayıb, Etyüzen isə həmin müəssisədə müxtəlif işlərdə çalışıb.

Əsl atasının yanında illərlə çalışıb

Kalbiye Sağlam böyüdükdən sonra da bilmədən bioloji atasının yaxınlığında həyatını davam etdirib. O, illər ərzində Niyazi Üzmezin evində, iş yerində və Çeşmədə yerləşən yay evində çalışıb.

14 yaşında ailə quran Kalbiye daha sonra Manisaya köçüb. Həyat yoldaşının ölümündən sonra iki övladı ilə Turgutluya qayıdan qadın, qohumu hesab etdiyi Niyazi Üzmezin yanında işləməyə başlayıb.

Ailə sirri uzun müddət qorunub. Kalbiyenin anası Ümit Etyüzen 1996-cı ildə 66 yaşında dünyasını dəyişib. Niyazi Üzmez isə rəsmi nikahda olduğu İnci Üzmezlə ailə quraraq üç övlad sahibi olub.

Etirafdan sonra məhkəməyə müraciət etdi

Məlumata görə, Niyazi Üzmez 2022-ci ildə Turgutluda keçirilən görüş zamanı Kalbiye Sağlama onun bioloji atası olduğunu bildirib. Bu etirafdan sonra 75 yaşlı qadın qohumluq əlaqəsinin hüquqi şəkildə tanınması üçün məhkəməyə müraciət edib.

Niyazi Üzmez həmin ilin sonunda 88 yaşında vəfat edib. Məhkəmə araşdırması zamanı onun meyitindən və Kalbiyenin anası Ümit Etyüzenin məzarından götürülən nümunələr İzmir Ədliyyə Tibb Qurumu tərəfindən təhlil olunub.

DNA ekspertizası nəticəsində Niyazi Üzmezin Kalbiye Sağlamın bioloji atası olması 99,9 faiz ehtimalla təsdiqlənib.

İki zavod və 30 daşınmaz əmlakdan pay aldı

Turgutlu İkinci Ailə Məhkəməsinin qərarı ilə Kalbiye Sağlam hüquqi olaraq Niyazi Üzmezin övladı kimi tanınıb və Üzmez soyadını götürüb.

Məhkəmə qərarından sonra o, iş adamının dördüncü övladı kimi miras hüququ əldə edib. Miras siyahısına iki kərpic zavodu və təxminən 30 daşınmaz əmlakın daxil olduğu, ümumi dəyərinin isə təxminən 1 milyard türk lirəsi olduğu bildirilib.

Hadisə Türkiyədə ailə sirrlərinin hüquqi nəticələri, DNA analizlərinin qohumluq əlaqələrinin müəyyənləşdirilməsində rolu və miras hüququ baxımından geniş rezonans doğurub.

Mövzuya görə xəbərlər