Bakı. TurkicWorld :
Ekoloji məsələnin TÜRK PA-nın iclasında gündəliyə daxil edilməsi çox əhəmiyyətlidir.
TurkicWorld -in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş TÜRK PA-nın Bakıda keçirilən "Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda 13-cü Plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu çərçivədə atılan hər bir addıma Türkiyə dəstək verəcək.
"İqlim dəyişikliyinin insan əli ilə yaradılan bir nəticə olduğunu görməliyik. Qanundan əlavə idrak dəyişikliyinə ehtiyac var. Ətraf mühitin çirkələnməsi ilə ekoloji problemlərlə üz-üzə qalırıq. İnsan əli ilə nəticələnən iqlim dəyişiklikləri bir çox hallarda fəlakətə, böhrana gətirib çıxaracaq.
Ona görə də ilk növbədə idrakımız, zehniyyətimiz dəyişməlidir. Dünyada nemətlərin ədalətli istifadə olunmaması ciddi problemlər yaradır. Balans və ədalət prinsipini qurmaq vacibdir. Bu ədalətsizlik sosial vəziyyətə və siyasətə də sirayət edən bir məsələdir.
Ədalətli bir qlobal sistemin olmaması ağır nəticələrə səbəb olur. Bu çərçivədə türk dünyası olaraq üzərimizə düşən işləri görməliyik. Bəzi beynəlxalq müqavilələr olmasına baxmayaraq, bəzi geniş imkanlara malik ölkələr ətraf mühitə laqeyd yanaşır", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.