Son dəqiqə

Qazaxıstan TÜRKPA

Bu seçkilərin Qazaxıstana fayda gətirməsini arzulayırıq – TÜRKPA Komissiyasının sədri

BAKI,TurkicWorld

Bu seçkilərin Qazaxıstana fayda gətirməsini arzulayırıq.

Bu barədə jurnalistlərə TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq münasibətlər komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten bildirib. Məlumatı Trend-in Astanadakı xüsusi müxbiri çatdırır.

"Hazırlıq çərçivəsində texnologiyalardan və süni intellektdən maksimum dərəcədə istifadə edildiyini, vətəndaşların seçkilərdə tamhüquqlu iştirakını və onların fikirlərinin dövlət səviyyəsində əks olunmasını təmin etmək üçün bütün zəruri tədbirlərin görüldüyünü gördük. Həmçinin məhdud imkanlı vətəndaşların səs verə bilməsi üçün lazımi tədbirlər görülüb.

Bundan əlavə, xaricdə yaşayan Qazaxıstan vətəndaşlarının səsvermə imkanını təmin etmək məqsədilə 61 ölkədə seçki məntəqələri açılıb. Vətəndaşların səsvermədə iştirakı ilə bağlı məlumatlandırılması və istiqamətləndirilməsi üçün də zəruri tədbirlər görülür", – deyə o bildirib.

Mesten qeyd edib ki, TÜRKPA nümayəndə heyətinin bir hissəsi səhər saatlarından seçki məntəqələrinin açılışında iştirak edib.

"Biz gördük ki, məntəqələr beynəlxalq standartlara uyğun şəkildə açılıb. Məntəqələrdə müvafiq vəzifəli şəxslər, sədrlər, yerli və beynəlxalq müşahidəçilər iştirak edirdilər", – deyə o qeyd edib.

O vurğulayıb ki, havanın pis olmasına baxmayaraq, seçicilər məntəqələrə gəlirlər.

"Səsvermə axşam saat 8-dək davam edəcək. Buna görə də hesab edirəm ki, seçici fəallığı kifayət qədər yüksək olacaq", – deyə Mesten bildirib.

O, həmçinin qeyd edib ki, qazax xalqı seçkilərə böyük maraq göstərir və dövlət həyatında fəal iştirak edir.

"Seçkiləri müşahidə etmək üzrə fəaliyyətimizdən əlavə, biz sosial müşahidələr də aparırıq. Görürük ki, cənab Kasım-Jomart Tokayevin rəhbərliyi ilə qazax xalqı və dövlət vahid bir bütöv kimi fəaliyyət göstərir, dövləti və xalqı birlikdə inkişaf etdirməyə çalışır və islahatlar həyata keçirir. Bu seçkilərin Qazaxıstana fayda gətirməsini arzulayırıq", – deyə TÜRKPA Komissiyasının sədri bildirib.

Mövzuya görə xəbərlər