Son dəqiqə

BMT

İqlim dəyişikliyi qlobal təhlükəsizliyinə gözəçarpan təhdidlər yaradır - Zoritsa Urosevic

Bakı. TurkicWorld:

Biz çoxtərəfli böhran vəziyyətində yaşayırıq. Bunun həlli üçün sülh və dialoq şərtdir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Turizm üzrə icraçı direktoru Zoritsa Urosevic VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

"Sülh olmaması bəşəriyyətin tarazlığını pozur. İqlim dəyişikliyi, ərzaq çatışmazlığı və bu kimi problemlər yaşamağı çətinləşdirir. Elementar tələbatlar qarşılanmadığı halda, kimisə qlobal istiləşmə maraqlandırar? İqlim dəyişikliyi qlobal təhlükəsizliyinə gözəçarpan təhdidlər yaradır", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Mövzuya görə xəbərlər