ABŞ ictimaiyyəti Qarabağ regionunun yenidən qurulması barədə məlumatlandırılıb

ABŞ ictimaiyyəti Qarabağ regionunun yenidən qurulması barədə məlumatlandırılıb

Bakı. TurkicWorld:

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasəti Mərkəzində hibrid formatda keçirilən tədbirdə çıxış edib.

Səfirlikdən TurkicWorld-a bildirilib ki, müzakirəyə ev sahibliyi edən Xəzər Siyasəti Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti, mərkəzin idarə heyətinin üzvləri sabiq səfir Riçard Hoqlənd və Erik Rudenşiyold Azərbaycan səfirini və qonaqları salamlayıb.

Tədbirdə səfir X.İbrahim Azərbaycanda və Xəzər regionunda baş verən yeniliklər, inkişaflar, eləcə də ölkəsinin gələcəyi haqqında auditoriyanı ətraflı məlumatlandırıb.

Səfir çıxışı zamanı Azərbaycan-Ermənistan sülh danışıqları, Qarabağ iqtisadi regionunda mövcud olan mina problemləri, işğaldan azad olunmuş ərazilərin tamamilə dağıdılması, mövcud olan məscidlərin tamamilə məhv edilməsi, Prezident İlham Əliyevin liderliyi və təsdiq etdiyi proqramlar çərçivəsində Qarabağ regionunun yenidən qurulması, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məqsədilə dövlətimiz tərəfindən davamlı olaraq görülən işlər, işğaldan azad edilmiş regionlarda iqtisadi və yaşıl zonaların yaradılmasından bəhs edib.

Tədbirin sonunda sual-cavab sessiyası baş tutub.