Son dəqiqə

Azərbaycan Özbəkistan Naqif Həmzəyev

Özbəkistan və Azərbaycan həmişə qarşılıqlı olaraq bir-birilərinə dəstək olurlar - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Özbəkistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinə dəstək olurlar, beynəlxalq təşkilatlarda birgə mövqeydən çıxış edirlər.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Heç şübhəsiz ki, Azərbaycan-Özbəkistan münasibətləri artan xətt üzrə inkişafdadır. Qarşılıqlı olaraq, ölkə rəhbərlərinin səfərləri, həmçinin hökumətlərarası komissiyaların çox uğurlu fəaliyyətləri nəticə etibarilə Özbəkistan və Azərbaycan arasında dövriyyənin artımına gətirib çıxarıb. Eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələrimiz də gündən-günə inkişaf etməkdədir. Şavkat Mirziyoyevin yenidən prezident seçildikdən sonra ilk olaraq Azərbaycana səfər etməsi bizlər üçün çox sevindirici bir haldır. Bu səfər özünəməxsusluğuyla da yadda qalan bir səfərdir",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, ilk növbədə, ölkələr arasında inkişafı daha da sürətləndirmək, strateji müttəfiqlik səviyyəsini daha da yüksəltmək üçün ali şura yaradılması memorandumu imzalandı. Ali şura mütəmadi olaraq çalışaraq, ölkələrarası inkişafı yüksək səviyyədə təmin etmiş olacaq.

"Bilirik ki, Özbəkistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinə dəstək olurlar, beynəlxalq təşkilatlarda birgə mövqeydən çıxış edirlər. Azərbaycan və Özbəkistan birlikdə bir çox maneələri aşa biliblər və yaxın gələcəkdə də bütün məsələlərdə də birlikdə həll yolu tapacaqlar. Hal-hazırda Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxışını təmin etmək istəyir və bu yolda bir çox birgə layihələrə imza atılır. Azərbaycan və Özbəkistan qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüklərini tanımaqla yanaşı, dövlətlərin suverenliyinin qorunmasına da öz töhfələrini verirlər. Azərbaycanın 44 günlük haqq savaşında da Özbəkistan açıq şəkildə Azərbaycanı dəstəkləyib, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Füzuli ərazisində Özbəkistanın sərmayəsi ilə bizə dəstək və hədiyyə məqsədilə məktəb tikintisinə başlanılıb. Bu jest Cənab prezident İlham Əliyev tərəfindən müsbət dəyərləndirildi və biz bu günlərdə bu məktəbin açılışının şahidi olacağıq", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, hörmətli Rəcəb Tayyib Ərdoğandan sonra Şavkat Mirziyoyev ikinci türk dövləti başçısıdır ki, Qarabağa rəsmi səfər edib və burada bir çox maraqlı görüşlərin keçirilməsi də baş tutacaqdır. Düşünürəm ki, bu səfər Azərbaycan-Özbəkistan əlaqələrinin bundan sonrakı inkişafına müsbət töhfələr verməklə yanaşı, biz yaxın gələcəkdə sevindirici xəbərlərin də şahidi olacağıq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər