Azərbaycan və Özbəkistan TDT-də sıx əməkdaşlıq formalaşdırıb - Vüqar Bayramov (ÖZƏL)

Azərbaycan və Özbəkistan TDT-də sıx əməkdaşlıq formalaşdırıb - Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan və Özbəkistan müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

Onun sözlərinə görə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək.

“İki ölkə arasındakı strateji münasibətlər son illər daha da dərinləşməkdədir. Son beş ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi isə son beş ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakə strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər”, - deyə o əlavə edib.

V.Bayramov onu da bildirib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir.

“Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir”, - deyə o vurğulayıb.

Millət vəkili hesab edir ki, Türk dövlətləri arasındakı strateji münasibətlərin inkişaf etməsi Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir.

“Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Bu isə tərəflərin, həmçinin, humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk dövlət səfərini 22 avqust tarixində Azərbaycana edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01