Fransanın Ukraynaya göndərdiyi humanitar yardım Azərbaycanın göndərdiyi yardımdan qat-qat azdır -Yeganə Hacıyeva (ÖZƏL)

Fransanın Ukraynaya göndərdiyi humanitar yardım Azərbaycanın göndərdiyi yardımdan qat-qat azdır -Yeganə Hacıyeva (ÖZƏL)

Bakı, TurkicWorld:

Fransanın Paris Şəhər Şurasının Qarabağa “humanitar yardım” göndərməsi fransız riyakarlığının göstəricisidir, bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva TurkicWorld-a özəl açıqlamasında deyib.

“Fransa özü Avropanın separatizmindən əziyyət çəkən və separatizmin dövlətin bütövlüyü və suverenliyi üçün təhdid formalaşdırdığı ölkələr siyahısına daxildir. Avropanın digər ölkələrində də separatizm olduğu halda, yalnız Fransada bu cür sərt mübarizə var. Fransa prezidenti Emmanuel Makronun yaratdığı Qlobal Təhlükəsizliklə Mübarizə Qanunvericiliyi terrorizm üçün nəzərdə tutulsa da, ilk növbədə, Korsika kimi separatçı vilayətlərin əhalisinə qarşı istifadə edildi”, - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, separatizm Fransa üçün yad yanaşma deyil.

“Başqa ölkələrdə separatizmə qucaq açan Fransa son otuz il ərzində Korsika və Brittanidə müstəqillik-azadlıq hərəkatı haqqında beynəlxalq ictimaiyyətə doğru olmayan, reallığı əks etdirməyən məlumatlar verir. Bu, milli azadlıq hərəkatları haqqında milli-etnik zəmində siyasi fəaliyyət kimi deyil, terror və zorakılıq ideologiyası ilə radikal fəaliyyət kontekstində təqdim olunur. 2020-ci ildən sonra Fransa dövləti və prezident E.Makron Qarabağdakı separatçı hərbi birləşmələrin təkcə Avropada deyil, bütün dünyada vəkili timsalında çıxış edir. Başqa ölkələrdəki separatçı quruluşların müdafiəçisi olan Fransa prezidenti öz ölkəsindəki separatçıları terrorçu və ekstremist adlandırır”, - deyə o vurğulayıb.

Y.Hacıyeva onu da bildirib ki, E.Makron Azərbaycana qarşı erməni separatizmini dəstəkləyir və bu mövzuda sistemli fəaliyyət göstərir.

“Fransanın Paris Şəhər Şurasının Qarabağdakı ermənilərə yardımla bağlı addımları təsadüfi deyil. Fransa demokratiya kimi mövzuları qabardaraq Qarabağdakı ermənilərə dəstək olur, lakin əsrlərdir öz daxilində müstəmləkəçilik siyasəti aparır və ölkəsindəki etnik azlıqların fundamental insan haqlarını pozur. Fransanın Qarabağdakı ermənilərə yardım göndərməsini məhz bu siyasətlə əlaqəndirmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, 1988-ci ildə Ermənistanda baş verən zəlzələ zamanı Fransanın göndərdiyi “humanitar yardım” daha sonra Qarabağda silahlı terrorizmin əsasını qoydu və bu terrorizm inkişaf etdi.”, - deyə Y.Hacıyeva əlavə edib.

O hesab edir ki, Fransanın Avropanın bir çox ölkələrinə yardım göndərən Azərbaycan kimi dövlətin ərazisinə humanitar yardım göndərməsi etik deyil.

“Əgər Fransa həqiqətən də humanitar yardım göndərmək istəyirsə bunu ehtiyacı olan Ukraynaya göndərsin. İstər əhali sayına, istər ÜDM göstəricilərinə görə ilk səkkizlik və ilk 20-likdə olmasına baxmayaraq, Fransanın Ukraynaya göndərdiyi humanitar yardım Azərbaycanın göndərdiyi yardımdan qat-qat azdır”, - deyə politoloq bildirib.

Ləman Əsədli
Lamanasadli01