Son dəqiqə

Yeganə Hacıyeva

Qarabağdakı ermənilərin tək çıxış yolu Azərbaycan vətəndaşı olmaqdan keçir – Yeganə Hacıyeva (ÖZƏL)

Bakı, TurkicWorld:

Qarabağdakı ermənilərin tək çıxış yolu Azərbaycanın şərtlərini qəbul edib konstitusiya şərtlərinə əməl edərək Azərbaycan vətəndaşı olmaqdan keçir, bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva TurkicWorld-a özəl açıqlamasında deyib.

“Prezident İlham Əliyev Laçında Kişinyov görüşündən öncə Azərbaycanın şərtlərini elan etdi və hazırda Ermənistandan əsas tələblər 10 noyabr 2020-ci ildə imzalanan üç tərəfli bəyanatın 4-cü və 9-cu bəndlərinə olduğu kimi əməl edilməsidir. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində proseslərin hərbi fazası öz həllini tapdı. Geriyə, siyasi və diplomatik yollarla həll ediləcək məsələlər qaldı. Proseslər mərhələli şəkildə, məntiqi axarla davam edir və heç kim də iddia etmirdi ki, problemlər dərhal həll olunacaq, təcili sülh sazişi imzalanacaq və s. Ermənistan tərəfi məcbur da olsa məsələlərin həllinə doğru gedir", - deyə Y.Hacıyeva əlavə edib.

Politoloq onu da vurğulayıb ki, ilkin olaraq Qarabağdakı separatçı, terrorçu xuntanın rəhbərləri Qarabağdan çıxarılmalıdır, növbəti prosesdə isə onlara qarşı hüquqi təqib təmin edilməlidir.

"Qarabağdakı terrorçu xuntanın rəhbərləri bu əraziləri tərk etməli, bu illər ərzində Azərbaycan dövləti və vətəndaşına qarşı cinyaət törətmiş müharibə caniləri , terrorçu qruplarının rəhbərləri həbs edilməlidirlər. Bu terrorçular 30 il ərzində Azərbaycan dövlətinə və xalqına qarşı törədilən terrora görə qanun qarşısında cavab verməlidirlər”, - deyə o bildirib.

Y.Hacıyevanın sözlərinə görə, Azərbaycan Prezidentinin Laçın şəhərində açıqladığı mesajlardan biri də Qarabağdakı separatçıların rəhbərliyindəki şəxslərin aqibəti ilə bağlı idi.

“Səslənən fikirlərdən belə aydın olur ki, danışıqlarda ABŞ və Avropa İttifaqı bu separatçıların gələcəyi üçün zəmanət istənilməsi məqamlarını müzakirə edir. Mənim fikirimcə, bunun üçün Azərbaycan Konstitusiyasının şərtləri yerinə yetirməlidir. Sıravi ermənilər haqqında danışırıqsa Azərbaycan Qarabağda yaşayan ermənilərə həm də gələcək vəd edir. Azərbaycanın onlara təklif etdiklərini nə hərbi xunta, nə də onları digər terror birləşmələrinə cəlb edən qüvvələr edə bilməz. Azərbaycan olmadan ermənilərin orada gələcəyi yoxdur”, - deyə politoloq əlavə edib.

Y.Hacıyeva onu da bildirib ki, iki dövlət arasında qarşılıqlı güvənin formalaşması üçün müəyyən şərtlər olmalıdır.
“Bu şərtlər isə qarşılıqlı səylər tələb edir. Azərbaycanın tələbləri yalnız ölkə Konstitusiyası çərçivəsindədir”, - deyə o vurğulayıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər