Bakı. TurkicWorld:
Beynəlxalq Qızıl Xaç Komitəsinin hərbi əsirlərlə bağlı fəaliyyəti təktərəfli qaydada, Ermənistanın xeyrinə, bu ölkənin əsir və girovların edam edilməsinə görə məsuliyyətdən yaxa qutarmasına xidmət edib.
Bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva TurkicWorld-a özəl açıqlamasında deyib.
Y.Hacıyeva onu da əlavə edib ki, I Qarabağ müharibəsi Azərbaycan mülki əhalisi və hərbçilərinə qarşı geniş müharibə cinayətlərinin həyata keçirilməsi ilə yadda qalıb.
“Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının geniş miqyaslı işlərinə baxmayaraq, beynəlxalq diqqəti bu mövzu üzərinə çəkməyimiz mümkün olmayıb. Bunun əsas səbəbi bir çox hallarda faktların yalnız Azərbaycan tərəfindən səsləndirilməsi olub. Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsirlərlə bağlı hətta özünün qeydiyyata aldığı, Ermənistanın zorla Azərbaycan ərazisindən çıxardığı mülki və hərbi şəxslərə qarşı edam faktlarının olmasına baxmayaraq, onları sənədləşdirmədi, beynəlxalq təşkilatlara təqdim etmədi”, - deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, BQXK-nin Azərbaycan ərazisində heç də həmişə humanitar missiya ilə məşğul olmadığını təsdiqləyən çoxlu sayda dəlillər aşkara çıxır.
“Beynəlxalq Qızıl Xaç Komitəsi keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Təşkilatın daxili nizamnaməsi və rəsmi təlimata görə, BQXK Bakıda və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquqla tanınmış sərhəd boyu yaşayan icmalara dəstək göstərməli idi. Komitə, həmçinin, hər iki icma üçün itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət göstərməli, onların ailələrinin məhbusları ziyarət etməsinə kömək göstərməli və azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış etməli idi. Lakin son 30 ildə onların fəaliyyətinə nəzər saldıqda, missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədiyi aydın olur. Məsələn, BQXK bu günə qədər qanunsuz olaraq, Xankəndidə də fəaliyyət göstərir və Xankəndi ofisi isə Bakıya deyil, qurumun İrəvan nümayəndəliyinə tabedir”, - deyə Y.Hacıyeva qeyd edib.
Onun sözlərinə görə, məsələnin dəhşətli tərəfi isə budur ki, BQXK nəzarətində olan əsirləri müdafiə etmək bir yana, onların edam edilməsini belə lazımi qaydada rəsmiləşdirməyib.
“Xatırladım ki, 1994-cü ildə isə “Reuters” Azərbaycanlı əsirlərin ermənistan tərəfindən edam hadisə barədə yazı paylaşmışdı. Yazı İrəvanda saxlanılan 23 azərbaycanlı əsirin faciəvi aqibəti haqqında idi. Azərbaycanlı əsirlərin böyük əksəriyyəti Ermənistan tərəfindən edam edilib, yerli hakimiyyət nümayəndələri isə bəyan edib ki, onlardan səkkizi “həbsxanadan qaçmaq istəyərkən” öldürülüb. Halbuki bu, ağ yalan idi. Bunun yalan olması haqqında Britaniyalı ekspert, professor Derrik Pounderin jurnalistlərə verdiyi açıqlamaya görə, öldürülənlərin cəsədlərindəki yaralar əsla “qaçmaq cəhdi” ilə bağlı olmayıb və onların edam olduğunu açıq şəkildə sübut edir”, - deyə politoloq əlavə edib.
Y.Hacıyeva onu da qeyd edib ki, BQXK isə nəzarətdində olan əsirlərin aqibəti ilə bağlı məsuliyyətdən qaçmaqla bu hadisəni şərh etməkdən imtina etmişdi.
“Ən əsası isə BQXK bu müharibə cinayətinə görə beynəlxalq tədqiqatın aparılmasının qarşısını almaq , Ermənistanı məsuliyyətdən qurtarmaq üçün azərbaycanlı məhbusların ölüm şəraitinin sənədləşdirmədi və edam faktını aydınlaşdırmaqdan imtina etdi. BQXK həm Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən və artıq Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə soydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma bu məlumatı Azərbaycanın hakimiyyət orqanlarına çatdırmağa tələsmir, keçmiş əsirlərin verdiyi koordinatlardakı yerlərdə isə ekspertiza keçirməkdən imtina edir. Bununla BQXK həm itkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına mane olur, ancaq əsas hədəfləri isə Ermənistanı mülki insanlara qarşı müharibə cinayətləri törətməyə görə beynəlxalq məhkəmələrdə məsuliyyətdən xilas etməkdir”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, BQXK bununla da onların qatillərini himayə edir.
“Xatırladım ki, məhz bu səbəbdən Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata (ICMP-International Commission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) müraciət etmək məcburiyyətində qaldı. Lakin BQXK bu komissiya ilə də məlumat paylaşmaqdan imtina etdi, ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışdı”, - deyə Y.Hacıyeva qeyd edib.
Politoloq onu da bildirib ki, uzun illər beynəlxalq təşkilatlarda Azərbaycan əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların verilməsində Ermənistanın məsuliyyəti barədə çağırışlar edib.
“ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində 28 il fəaliyyət göstərməsinə baxmayaraq, azərbaycanlı əsir və itkin düşmüş şəxslərlə bağlı bir dəfə də olsun faktların araşdırılması ilə bağlı heç bir iş görülmədi. Lakin hazırda Azərbaycan aktiv tərzdə 4000-ə yaxın azərbaycanlı əsir və itkin düşmüş şəxslərin aqibəti ilə bağlı Ermənistanı beynəlxalq hüquqi təqibə çağırmalıdır, çünki bunlar müharibə cinayətləridir. Bu cinayətlərə görə cinayətkarların məsuliyyətə cəlb edilməsi zaman tələb etmir”, - deyə Y.Hacıyeva vurğulayıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01