Bakı, TurkicWorld
18 dekabr 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 80-dən çox biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib.
TurkicWorld xəbər verir ki, bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətləri barədə məlumat verilir.
Tədbiri salamlama nitqi ilə açan AHK Azərbaycanın İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların əməyini yüksək qiymətləndirən sədr, Palata üzvlərinin aktiv fəaliyyətini və üzvlərin artmasının sevindirici hal olduğunu qeyd edib.
Anar Həsənov: "İlin Sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 196 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamız öz peşəkar işi nəticəsində sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır." Eləcə də İdarə Heyətinin sədri AHK tərəfindən ötən aylar ərzində təşkil olunan işgüzar səfərlər, eləcə də sosial tədbirlər barəsində məlumat verərək, xüsusilə bu müddət ərzində tədbirlərdə öz sponsorluq dəstəyini göstərmiş şirkətlərə bir daha dərin minnətdarlığını bildirdi.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann COP29 müddətində Almaniyanın Azərbacandakı səfirliyinin fəaliyyətindən söz açaraq, xüsusilə bu müddət ərzində Almaniyadan Azərbaycana səfər etmiş 300-dən çox nümayəndə heyətinin işgüzar səfərlərinin təşkili ilə bağlı aktiv fəaliyyətdən danışdı. Səfir AHK Azərbaycanın COP29-da fəal iştirakını yüksək qiymətləndirdiyini bildirdi və COP29-dan sonrakı dövrdə, xüsusilə enerji sisteminin transformasiyası sahəsində Almaniya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsinə dair nikbinliyini bölüşdü.
Alman-Azərbaycan Ticarət Palatasının yeni təyin olunmuş icraçı direktoru Nargis Wieck özünü tədbir iştirakçılarına təqdim edib. O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək dedi: "Azərbaycan həm Avropa, həm də Almaniya üçün strateji əhəmiyyətli tərəfdaşdır. Enerji və logistika sahəsindəki əsas rolundan əlavə, ölkə geniş və perspektivli biznes imkanları təqdim edib. İqtisadiyyatın modernləşdirilməsi, əsas sənayelərin inkişafı və daxili dəyər zəncirinin artırılması istiqamətində Azərbaycanın səyləri Almaniya texnologiya və həll təminatçıları üçün unikal əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır".
Onun sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında müxtəlif sektorlar üzrə əməkdaşlığın gücləndirilməsi potensialı vurğulanıb.
AHK Azərbaycan İdarə Heyətinin üzvü Fərid Quliyev ötən ilin maliyyə hesabatı barədə məlumat verərək, qarşıdan gələn il üçün daxili audit qrupunun tərkibinin təyini üzrə kvorumu elan etdi. Beləliklə, üzv şirkətlərin səs birliyi ilə "Turan Legal and Tax" şirkətinin direktoru Zalbəy Ağadadaşov, "PMD Project MMC" şirkətinin QHSE üzrə komanda rəhbəri Vüqar Hacıyev və "Alman Dili Tədris Mərkəzinin" Direktoru Zəhra Əliyeva 2025-ci il üçün AHK Azərbaycanın daxili audit qrupuna qəbul olundu. Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun əldə edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri auditoriyaya təqdim olunub. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb.