Bakı. TurkicWorld:
Fransa Xankəndindəki ermənilərdən istifadə etməklə Cənubi Qafqaza yerləşməyə çalışır.
Bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva TurkicWorld-a özəl açıqlamasında deyib.
“Əslində, Fransanın bu gün Ermənistan-Azərbaycan münasibətlərində neqativ siyasəti, həmçinin, Ermənistan-Azərbaycan sərhədindəki təxribata əl atmasının səbəbini izah ediriksə bunu üç istiqamətdə izah etməliyik. Bunlardan biri və birincisi daxili siyasət faktorudur: Fransa prezidenti Emmanuel Makron hakimiyyətində əməkdaşlıq edən siyasilərin məhz öz siyasi qruplarına, Emanuel Makrona təsir və təzyiq alətləri əsasında formalaşan siyasətidir. İkincisi, erməni lobbisinin tələblərini həyata keçirmək, amma bununla həm də Fransa dövlətinin maraqlarını müdafiə etmək istiqamətində Cənubi Qafqaza yerləşmək istəyidir. Üçüncüsü isə Fransanın məhz Avropa Birliyinin Cənubi Qafqaz siyasətini özünün xeyrinə pozmaqla atdığı addımlardır”, - deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan sərhədinə yaxınlaşmağa çalışan məhz bu dırnaqarası humanitar konvoy əslində beynəlxalq səviyyədə Fransanın təxribatlarıdır.
“Əlbəttə, bu Fransa üçün çox əks effektlər verəcək addımlardır və Fransa bunun fərqindədir, amma daxildə erməni lobbisinin irəlidəki seçki öncəsi təzyiqləri və şantajları var. Bu gün Emanuel Makron daxildə növbəti seçki üçün istər rus siyasi partiyasının, istərsə də özü üçün mütəşəkkil siyasi infrastukturlar formasında Fransada artıq onilliklərdir mövcud olan erməni lobbisi ilə münasibətləri daha da pisləşdirməmək üçün bu addımları atıb.
Y.Hacıyeva onu da bildirib ki, təxribatlarda məhz Parisin merinin erməni lobbisi ilə birbaşa əməkdaşlıqda olması bu təsirlərin bariz nümunəsidir.
“Niyə Fransanı bu addımlardan çəkindirən yoxdur sualının birmənalı cavabı budur ki, BMT Təhlükəsizlik Şurasında bu gün Fransanın mövcudluğu ümumilikdə Fransanın bütün dünyada resursların bölgüsündə BMT TŞ-nın imkanlarını istismar etməsi üzərindəndir. Fransa uzun illər bunu Afrika üzərindən edib və indidə hesab edir ki, bunu Cənubi Qafqaz üzərindən edə bilər. Amma paralel olaraq Azərbaycanla münasibətlərin vacibliyini də nəzərə alaraq Azərbaycan prezidentinə zəng vuraraq, guya vəziyyəti müzakirə etmək görüntüsü yaratmaq istədi. Lakin faktiki olaraq, Xankəndindəki erməni lobbisinin təzyiqi ilə Cənubi Qafqaza yerləşməyə çalışır”, - deyə politoloq qeyd edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01