Son dəqiqə

Xankəndi

Xankəndidə MDB Şurasının 61-ci iclası keçirilib

Bakı,TurkicWorld

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və üzv dövlətlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Tədbirdə Agentliyin sədri Elnur Bağırov, Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçits, MDB Baş katibinin müavini Denis Trefilov və digər rəsmi şəxslər çıxış ediblər. Həmçinin Qırğızıstan, Qazaxıstan və Rusiyanın rəqabət orqanlarının nümayəndələrinin məruzələri dinlənilib.

Çıxışlarda üzv dövlətlərdə rəqabət siyasəti sahəsində yeniliklər, milli təcrübə mübadiləsi və müasir bazar çağırışlarına uyğun birgə yanaşmaların formalaşdırılması məsələlərinə toxunulub. Rəqəmsallaşma, süni intellekt əsaslı biznes modelləri, transsərhəd iqtisadi fəaliyyət və qlobal təchizat zəncirlərindəki dəyişikliklərin rəqabət siyasətinin təkmilləşdirilməsinə təsiri vurğulanıb.

İclas çərçivəsində əvvəlki toplantıda qəbul edilmiş qərarların icra vəziyyəti, Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahın fəaliyyəti və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib.

Toplantıda Qazaxıstan növbəti dövr üçün Şuraya sədrlik edən ölkə seçilib. Şuranın 62-ci iclasının isə Qırğızıstanda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası 23 dekabr 1993-cü il tarixli "Antiinhisar Siyasətinin Həyata Keçirilməsi haqqında Saziş" əsasında fəaliyyət göstərir. Şuranın əsas məqsədi üzv dövlətlər arasında rəqabət siyasətinin əlaqələndirilməsi, antiinhisar qanunvericiliyinin tətbiqi sahəsində əməkdaşlığın inkişafı və rəqabətin qorunması üzrə birgə yanaşmaların formalaşdırılmasıdır. Hazırda Şuraya Belarus sədrlik edir.

Mövzuya görə xəbərlər