Elnur Məmmədov Gənclər və İdman Nazirliyi Xankəndi Marafon Qəbələ

Elnur Məmmədov: Ultramarafon Qəbələ üçün əlamətdar hadisədir

BAKI,TurkicWorld

Qəbələdə səhər saatlarından etibarən III Beynəlxalq Xankəndi Ultramarafonunun yaratdığı idman ab-havası hiss olunub. Şəhər 5 ölkədən 97 atletin iştirak etdiyi yarışın startına ev sahibliyi edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun Qəbələ üçün əlamətdar hadisə olduğunu bildirib.

“Səhər saatlarından buraya insanlar toplaşıblar və doğrudan da şəhər üçün çox gözəl bir hadisədir”, – deyə E.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ultramarafon artıq üçüncü dəfə keçirilir və bu il yarış ikinci dəfə Qəbələdən start götürür. Nazirlik rəsmisi xatırladıb ki, ötən il Qəbələ Azərbaycanın idman paytaxtı elan olunub. Bundan sonra ultramarafonun startının şəhərdən verilməsi qərara alınıb.

“Şəhərdə gözəl şərait, təşkilatçılıq və dəstək var. Bu marafon keçən il də çox uğurlu alınmışdı. Ona görə də qərar qəbul olundu ki, bu dəfə də ənənə davam etdirilsin. Həmin ənənə, gördüyünüz kimi, davam etdirilir”, – E.Məmmədov vurğulayıb.

97 atlet Xankəndiyə doğru

Bu il ultramarafonda iştirakçıların sayı da artıb. 5 ölkədən 97 atlet yarışa qatılıb.

E.Məmmədov bildirib ki, ultramarafonun əsas məqsədlərindən biri idmanın bölgələrdə daha geniş təbliğ edilməsidir. Onun sözlərinə görə, bir neçə şəhər və rayondan keçən yarış həm idmançılar üçün ciddi sınaq, həm də regionlarda idman mühitinin canlandırılması baxımından əhəmiyyətlidir.

İştirakçılar Qəbələdən Ağdaş, Bərdə və Ağdam istiqamətində hərəkət edərək Xankəndiyə çatacaqlar. Ümumilikdə 192 kilometrə yaxın məsafəni əhatə edən yarış 8–11 oktyabr tarixlərində keçirilir.

Ultramarafon boyunca atletləri uzun və çətin məsafələr gözləyir. Yarışın final nöqtəsi isə Xankəndi olacaq.

Mövzuya görə xəbərlər