BAKI,TurkicWorld
Oktyabrın 21-də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv və müşahidəçi ölkələrin konstitusiya məhkəmələrinin nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetində olublar.
Nümayəndə heyətinin üzvləri bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil və elmi imkanlarla tanış olublar. Daha sonra Qarabağ Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.
Görüş zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı, hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb. Universitetdə keçirilən görüşdən sonra qonaqlar Xankəndi şəhəri ilə burada aparılan genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar. Onlar şəhərdə həyata keçirilən abadlıq tədbirlərini, infrastrukturun yenilənməsi və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işləri yerində müşahidə ediblər.
Xatırladaq ki, oktyabrın 19-dan 22-dək Bakıda TÜRK-AY Təşkilatının "Süni intellektin Konstitusiya Məhkəmələrinin fəaliyyətində rolu" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın Konstitusiya məhkəmələrinin, eləcə də müşahidəçi statusunda olan Pakistan Konstitusiya Məhkəməsinin və Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti iştirak edir.







