BAKI,TurkicWorld
Bu gün Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.
Ultramarafonun startından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra yarışın açılış mərasimi keçirilib. Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə çıxış edərək atletlərə qarşıdakı yarışda uğurlar arzulayıblar.
Birinci mərhələdə atletlər Qəbələ şəhərindən start götürərək Ağdaşadək 52,5 km məsafə qət ediblər. Kişilər arasında ilk mərhələnin qalibi David Xarazişvili (Gürcüstan) olub. Andrey Eqorov (Litva) ikinci, İrakli Canaşıya (Gürcüstan) isə üçüncü yeri tutub. Qadınlar arasında birinci yeri Olena Şevçenko (Ukrayna), ikinci yeri Leyla Abdinova (Rusiya), üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.
Xatırladaq ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.







