Gənclər və İdman Nazirliyi Fərid Qayıbov

“Qələbə qaçışı”nda 2000-dən artıq iştirakçı mübarizə aparıb

Bakı,TurkicWorld

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi “Qələbə qaçışı” altıncı dəfə təşkil olunub.

Yarışda 2000-dən artıq iştirakçı yer alıb. Tədbirdə müxtəlif yaş qruplarından olan insanların, xüsusilə qadınların iştirak sayının artması diqqət çəkib.

Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gündən sonra Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfərin ildönümünü qeyd edəcək.

Nazir yarışın yüksək əhvali-ruhiyyədə keçdiyini vurğulayaraq iştirakçı sayının ildən-ilə artmasının sevindirici olduğunu bildirib.

“Sevindirici haldır ki, qadın iştirakçıların da sayı çoxalır. Bu dəfə 2000-dən artıq iştirakçımız var. İl ərzində müxtəlif məsafələrə, o cümlədən 3 və 5 kilometrə qaçış yarışları təşkil olunur. Ölkəmizdə hər il yarımarafon da keçirilir. Artıq bu il yarımarafon tam marafona çevrilib. Belə yarışlar iştirakçılar üçün daha böyük yarışlara hazırlaşmaq baxımından yaxşı stimul yaradır. Hər bir iştirakçını, finişə çatan idmançıları təbrik edirəm”, – deyə Fərid Qayıbov qeyd edib.

O bildirib ki, bu cür yarışlar ölkədə kütləvi idmanın təşviqi, sağlam həyat tərzinin təbliği və insanların idmana marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Qələbə qaçışı” Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ildönümünə həsr olunur və artıq ənənəvi idman tədbirlərindən birinə çevrilib.

10 kilometr məsafəyə təşkil olunan yarışda kişilər arasında Bəxtiyar Əsgərli, qadınların mübarizəsində isə Anna Yusubova birinci yeri tutub.

Mövzuya görə xəbərlər