Bakı, TurkicWorld:
Ermənistanı Azərbaycan ərazisində təxribatlara cəsarətləndirən Avropa Birliyinin dəstəyidir, bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva AzerPress-ə özəl açıqlamasında deyib.
Politoloq qeyd edib ki, Ermənistan Azərbaycanla sərhəddə gərginlik törətməklə nəyi hədəfləyib sualının cavabı üçün daha öncəki təxribatlardan sonra baş verən analoji proseslərin xronologiyasına baxmaq lazımdır.
“2021-ci ilin noyabr ayının 14-17-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginlikdən sonra iki ölkə arasındakı danışıqlar Rusiya, Ermənistan və Azərbaycan arasında üç tərəfli danışıqlardan kənara çıxdı və proseslərə Avropa Birliyi cəlb olundu. Məhz noyabr hadisələrindəm sonra fevral ayında ilk dəfə Avropa Birliyinin (AB) tövsiyəsi, Fransanın mooderatorluğu ilə onlayn formatda görüş keçirildi. Daha sonra aprel ayında Brüsseldə daha bir görüş baş tutdu. Xatırlarmaq istərdim ki, Avropa Birliyi əslində proseslərə daha öncədən cəlb olunub. 44 günlük vətən müharibəsi dövründə dağılmış infrastrukturların bərpası adı altında AB müharibənin Azərbaycan ərazisində getməsinə baxmayaraq, Ermənistana 2.6 milyard avro maliyyə vəsaiti vəd edərək bir hissəsini köçürdü”, - deyə Y. Hacıyva əlavə edib .
Politoloqun sözlərinə görə, o dövrdə diqqəti cəlb edən bu hadisə bir sıra analitiklər tərəfindən AB-nin məsələyə cəlb olunması kimi dəyərləndirdi.
“Daha sonrakı mərhələdə, 2022-ci il sentyabr ayının 12-13-də baş verən proseslərdə isə AB məhz Ermənistana Azərbaycanla sərhəddə 40 nəfərdən ibarət mülki missiya göndərdi, 2023 -cü ilin yanvar ayında bu missiyanı yeniləyərək yarım silahlı missiya göndərdi. Bununla da, AB-nin Cənubi Qafqaza girməsi və onun regionda maraqlarının təmsil olunması üçün şərait yarandı”, - deyə o vurğulayıb.
O qeyd edib ki, bundan təxminən 20 gün öncə AB-nin Ermənistan ərazisində olan mülki missiyasının rəhbərinin Almaniyada yerli və nüfuzlu mediaya verdiyi müsahibələrinin birində AB-nin əsas vəzifəsinin Ermənistanı müdafiə etmək olduğunu etiraf edib.
“Bununla da indiyə qədər sadəcə danışıqlarda delimitasiya və demarkasiya məsələlərində tərəflərin uzlaşması və onlara dəstək istiqamətində fəaliyyət göstərməli olan AB-nin əsl məqsədi ortaya çıxdı. AB bizim legitim haqqımızı, ərazilərimizdə təhlüksəizliyimizi, sərhədlərimizin suverenliyini tanımayan Ermənistanı aqressor olduğu halda hüquqi nizamdan müdafiə edir. Ermənistanı müdafiə etmək beynəlxalq hüquqla başqasının əraziaini işğal edən, 30 il maddi mənəvi bütün sərvətlərini, resurslarını, tarixi abidələrini, infrastrukturunu talayan bir aqressor ölkəni müdafiə etmək deməkdir”, - deyə o vurğulayıb.
Y.Hacıyevanın sözlərinə görə, AB-ni və faktiki olaraq Cənubi Qafqazda mövcud olmayan digər tərəfləri məsələyə cəlb etməklə Ermənistan həm də regionu ciddi təhlükə altına alır.
“Ermənistan hesab edir ki, AB əgər onları müdafiə edirsə bu təxribatları həyata keçirə bilərlər və bu təxribatlar da AB tərəfindən Cənubi Qafqaz regionunda nüfuzunun genişlənməsi üçün fürsət kimi dəyərləndiriləcək. Bu gün Ermənistan daxilində Rusiyanın bir bazası var, AB-nin yarım hərbi missiyası mövcuddur, digər regional tərəfdaşı İranla müəyyən aktivləri var və dünən baş verən proseslərdə məhz İranın dronları Ermənistanın xeyrinə istər Naxçıvan, istərsə də Laçın tərəfdən kəşfiyyat əməliyyatları apardı və Azərbaycan ordusunun fəaliyyətini İrana çatdırdı. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan Yunanıstanla ümumilikdə 2023-cü il üçün nəzərdə tutulmuş hərbi təlimlər keçirir və bu təlimlər təkcə Ermənistan və Yunanıstan ərazilərini deyil, həm də regionlararası aktivləri nəzərdə turur. Yunanıstanın NATO üzvü olması, ciddi silahlara sahib olması, ABŞ tərəfindən regionda açar ölkə hesab edilməsi hər kəsə məlumdur. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, əgər Yunanıstanla hərbi təlimlər keçirirsə, İranla müəyyən aktivləri varsa Azərbaycan ərazisində rahatlıqla təxribatlar törədə bilər və tərəfdaşları bu mövzuda onu dəstəklyəcək”, - deyə politoloq əlavə edib.
O bildirib ki, bu ilk dəfə deyil, bundan öncə də Azərbaycan ərazisinə soxulmuş İran kəşfiyyat təyyarəsi də eyni məqsədlə Azərbaycan ordusunun dislokasiya kimi mövqeləri barədə məlumat toplayaraq Ermənistana ötürüb.
“2022-ci ilin sentyabr ayında baş tutan görüşlərdən, yəni AB-nin regiona girməkdə əsas səbəb kimi istifadə etdiyi hərbi əməliyyatlardan öncə də İranın və Ermənistanın Ali Şurasının rəhbərləri Şamxani və Qriqoryan görüşdü ,bununla da ikinci dəfədir ki, aprelin 10-da onların görüşündən sonra Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribatlar törədir və bu kimi proseslərdə Azərbayacana qarşı geniş koalisiya var. Bu koalisiya yalnız Ermənistan-Azərbaycan sərhədi ilə məhdudlaşmır, Qarabağ ərazisində də müəyyən məsələləri ortaya çıxarır”, - deyə Y. Hacıyeva vurğulayıb.
Onun sözlərinə görə, bütün bunlar İran, Ermənistan və Qarabağ ərazisindəki separatçıların Azərbaycana qarşı koordinasiyalı oyunudur və bu oyun da 44 günlük vətən müharibəsindən sonra regionda mövcud güclər balansını yeni oyunçuların xeyrinə dəyişmək cəhdidir.