Bakı, TurkicWorld:
Azərbaycan işğaldan azad edilmiş ərazilərində müasir texnologiyalarla yenidən qurma işlərini davam etdirir, bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva TurkicWorld-a özəl açıqlamasında deyib.
“30 ilə yaxın müddətdə Azərbaycan torpaqları Ermənistan üçün faktiki olaraq resurslar mənbəyi olub və bu resurslar Ermənistan tərəfindən vəhşicəsinə istismar edilib. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində sadəcə tarixi, milli, dini abidələri deyil, obyektləri, dövlət müəssisələrini və mülki əhalinin mülkiyyətini talan edib. Onlar ilkin mərhələdə dövlət mülkiyyətini, sonrakı mərhələlərdə isə təbiəti talan edib. Bu gün məhz Ermənistan vandalizmi nəticəsində Azərbaycan təbiətinin gözəl yerləri, dincəlmək üçün turistik mərkəzlərinin böyük əksəriyyəti, meşələri məhv edilib, Laçının səfalı dağları və Qırmızı kitaba düşmüş ağacları olan o meşələr, Kəlbəcər və Füzuli ərazisində yaşıllıq massivləri demək olar ki, yoxdur. Bu illər ərzində ən çox ziyan görən ərazilərdən biri də məhz Füzulidir. Bu ərazilərdə su mənbələri faktiki olaraq quruyub”, - deyə Y.Hacıyeva əlavə edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazilərini tək deyil, İranla birlikdə 30 il ərzində istismar edib.
“Buna görə də torpaqlarımız işğaldan azad edildikdən sonra qarşıda duran əsas məqsəd iqtisadi layihələrlə paralel Aəzrbaycanın keçmişdə cənnət guşələri olan bu ərazilərinin həm də flora və fauna təbəqəsinin dirçəldilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən ərazilərə bütün səfərlərində həmin ərazilərdə təkcə yolların salınmasına deyil, ağacların əkilməsi, flora və faunanın bərpası, inkişaf etdirilməsi, qorunması kimi məsələlərə və bu ərazilərə köçəcək mülki əhalinin enerji təminatında yaşıl enerji, bərpa oluna bilən enerjidən istifadə və s. kimi məsələlərə xüsusi diqqət yetirir. Zəngilanda “Ağıllı kənd"də yaradılan süni göldən Arximed qurğusu vasitəsilə enerjinin alınması, günəş kollektorları vasitəsilə Günəş enerjisindən istifadə, anod-katod istilik sistemlərinin, istilik nasoslarının tətbiqi buna misaldır. Beləliklə, su, hava, külək enerjilərindən istifadə etməklə həm o ərazilər bərpa ediləcək, həm də əhalinin gündəlik fəaliyyəti üçün nəzərdə tutulan vacib məqamlar təmin ediləcək”, - deyə politoloq bildirib.
Y. Hacıyeva onu da qeyd edib ki, Azərbaycanın quruculuq işləri,ümumilikdə, bir neçə istiqamət üzrə gedir.
“Azərbaycan torpaqlarının Ermənistan işğalı altında olduğu illər ərzində bütün amilləri nəzərə alıb və həmin ərazilərdə quruculuq işlərində təhlükəsizliyin vacib elementlərininə xüsusi diqqət yetirir. Hazırda işğaldan azad edilmiş ərazilərimizə köçən və köçürülməsi nəzərdə tutulan əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kənd təsərrüfatı sahəsinə də xüsusi diqqət ayrılır, çünki bu ərazilər geniş potensiala malik ərazilərdir. Quruculuq işlərində ən vacib məqamlardan birinin bərpa prosesində tarixi köklərimizin, tarixi kodlarımızın saxlanılması və bərpa edilməsi olmasına baxmyaraq, bu gün ağıllı kəndlər adlandırdığımız lahiyələrdə həm də müasir insanın yaşaya biləcəyi, müasir şərtlər altında yeni texnoloji nəaliyyətlərin tətbiqi ilə sıravi insanın, sıravi Azərbaycan vətəndaşının həyatına transfer olan bir şərait formalaşdırılır və bu baxımdan çox böyük işlər görülür. Bu işlərin görülməsinə bundan sonra da davam ediləcək. Ölkəmizin qarşısında görməli olduğu çox vacib məsələlər dayanır və Azərbaycan bunun öhdəsindən gəlir”, - deyə o vurğulayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01