Ermənistanda əhalinin Azərbaycanla sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər – Musa Quliyev (ÖZƏL)

Ermənistanda əhalinin Azərbaycanla sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər – Musa Quliyev (ÖZƏL)

Bakı,TurkicWorld:

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, demək olar ki, sonuncu mərhələyə qədəm qoyur və yaxın zamanda danışıqların daha da intensivləşəcəyinin, sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“44 günlük Vətən müharibəsindən sonra bölgənin təkcə tarixi və coğrafiyası dəyişmədi, həm də siyasi davranış və ritorikası dəyişdi, artıq Ermənistan bütün parametrlər üzrə darmadağın edilib. Həm bölgədə daimi sülhün olmasını istəməyən xarici qüvvələr, həm də Ermənistan daxilində Nikol Paşinyana müxalif qüvvələr müxtəlif bəhanələrlə Ermənistanda əhalinin sülhə hazır olmadığı görüntüsünü yaratmaq istəyirlər. Əlbəttə ki, bölgədə imperialist dövlətlərin marağı həmişə olub, indi də var və yəqin ki, bundan sonra da olacaqdır. Amma Azərbaycan və Türkiyənin bölgənin titul dövlətləri kimi önə çıxmaları, gündən-günə güclənmələri, münasibətlərin strateji müttəfiqlik səviyyəsindən “bir millət, iki dövlət” prinsipi səviyyəsinə çatması bölgədə marağı olan imperialist qüvvələrə imkan verməyəcək”, - deyə o əlavə edib.

M.Quliyevin sözünə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra Ermənistanın davranışları adekvat deyil.

“44 günlük Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanat imzalandı. Kommunikasiyaların açılması, sərhədlərdə delimitasiya və demarkasiyası ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi birmənalı deyil. Bu da Ermənistana, N.Paşinyana və onun hökumətinə həm daxildəki müxalif qüvvələrin, həm də xaricdə, xüsusilə, Rusiyanın və Fransanın bir çox hallarda isə İranın təsiri ilə bağlıdır”, - deyə millət vəkili bildirib.

M.Quliyev onu da qeyd edib ki, bölgədə Azərbaycanın və Türkiyənin önə çıxması və Rusiyaya sərf eləmir.

“Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı Fransanın da bölgəyə daxil olması imkanlarını demək olar ki, puç edir. Hesab edirəm ki, Türkiyədə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bütün hərflərin üzərinə öz nöqtəsini qoymuş olacaq. N. Paşinyanın da Ərdoğanın inauqurasiya mərasimində iştirak etməsi təsadüf sayıla biləz, yəqin ki, bu da münasibətlərin yaxşılaşmasını göstərən bir işarə idi”, - deyə o vurğulayıb.

O, hesab edir ki, Ermənistan Baş naziri Paşinyanın Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıması, eyni zamanda daha Qarabağın adını çəkməməsi göstərir ki, yumşalmalar getdikcə davam edəcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01